CƏMİYYƏT
Ağdaşda əhali tibbi müayinələrdə həvəslə iştirak edir VİDEO

Ağdaş, 18 fevral (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Ağdaş rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasında fevralın 17-də başlayan əhalinin kütləvi dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır. Həmçinin mayın 1-dək davam edəcək müayinələrin yüksək səviyyədə aparılması üçün rayonda xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyən edilmişdir.
Xəstəxananın konsultativ poliklinika şöbəsinin müdiri Bəhman Abdullayev AZƏRTAC-a bildirmişdir ki, müayinələrin aparıldığı ilk iki gün ərzində rayon mərkəzi xəstəxanasına 600-ə yaxın vətəndaş müraciət edərək dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən yararlanmışdır.
Burada sakinlər ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, eləcə də ultrasəs müayinələrindən keçirilmişlər. Xəstəlik aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunmuşlar.
Bəhman Abdullayevin sözlərinə görə, səhiyyə ocağına müraciət edən insanlar əvvəlcə növbə ilə qeydiyyatdan keçir, sonra həkimlərin qəbulunda olurlar. Müayinələrin rayondakı bütün səhiyyə müəssisəsində keçirilməsi nəzərdə tutulmuşdur. Aksiyaya tibbin müxtəlif sahələri üzrə 100-dək həkim və orta səhiyyə işçisi cəlb edilmişdir. Müayinədən keçən sakinlərdə hər hansı xəstəlik aşkar edilərkən həkimlər onları nəzarətə götürür və müalicə üçün lazımi məsləhətlər verirlər. Müayinə zamanı cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələr əməliyyat üçün hazırlanırlar. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndəriləcəklər.
Vətəndaşların müayinəsini yüksək ixtisaslı mütəxəssislərdən ibarət 6 həkim briqadası həyata keçirir. Aksiya zamanı xəstəxanada ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərir.