CƏMİYYƏT
Şamaxıda əhalinin tibbi müayinədən keçirilməsi kampaniyası uğurla davam edir VİDEO



Şamaxı, 18 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Şamaxı rayonunda da uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, tərtib olunmuş qrafik əsasında 98.300-dən artıq sakin rayon mərkəzi xəstəxanasında, Şamaxı Müalicə Diaqnostika Mərkəzində, Göylər kənd xəstəxanasında, habelə 7 kənd həkim ambulatoriyasında tibbi müayinədən keçməlidir.
Xəstəxana və kənd həkim məntəqələri lazımi tibbi avadanlıqla təchiz edilmişdir. Təcrübəli həkim və tibb işçiləri qrafik əsasında qəbula gələn insanları hərtərəfli müayinədən keçirir, ehtiyacı olanlar ambulator müalicəyə cəlb edilir, lazımi məsləhətlər verilir. Qəbula gələn vətəndaş üçün ambulator tibb kitabçası açılır və bunun nəticəsində onun daim həkim nəzarətində saxlanılması təmin olunur.
Təkcə rayon mərkəzi xəstəxanasında ayrı-ayrı ixtisaslardan olan 7 nəfərdən ibarət həkim komissiyası fəaliyyət göstərir. Fevralın 17-də 890 nəfər, 18-də isə 1050 vətəndaş hərtərəfli tibbi müayinədən keçirilmişdir.
Şamaxı Müalicə Diaqnostika Mərkəzində də vətəndaşların tibbi müayinəsi yüksək səviyyədə təşkil olunmuşdur. Mərkəzin baş həkimi, tibb üzrə elmlər doktoru Vəlixan Qarayev qrafik üzrə müayinəyə gələnlərə hərtərəfli xidmət göstərildiyini, bunun üçün ən müasir tibbi avadanlıqdan istifadə edildiyini bildirmişdir. Baş həkim ilk iki gündə 200-dək insanın müayinədən keçdiyini diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin növbəti humanist addımı - Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır.