Şimal bölgəsini əhatə edən altı rayon üzrə 17 mərkəzdə buraxılış imtahanları keçirilmişdir VİDEO
Xaçmaz, 18 iyun (AZƏRTAC, Elxan Yusifli). Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də 20 rayonun orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirmişdir.
TQDK-nın Xaçmaz Regional Bölməsindən AZƏRTAC-a bildirilmişdir ki, iyunun 18-də keçirilmiş imtahanlarda şimal bölgəsini əhatə edən Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının orta ümumtəhsil müəssisələri üzrə 5 min 969 nəfər IX, 3 min 856 nəfər isə XI siniflərində təhsil alan şagirdlərin iştirakı nəzərdə tutulmuşdur.
Şimal bölgəsində buraxılış imtahanları 17 mərkəzdə təşkil edilmiş, imtahanlarının idarə edilməsi üçün, ümumilikdə, 156 rəhbər və 2 min 36 nəfər nəzarətçi müəllim ayrılmışdır. Bu zonada imtahanlar 5 rayon mərkəzi ilə yanaşı, Qubanın Zərdabi və Təngəaltı, eləcə də Qusarın Yuxarı Zeyxur kəndlərində imtahan üçün ayrılmış binalarda da keçirilmişdir.
Buraxılış imtahanı IX sinif şagirdləri üçün saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlamış və 2 saat davam etmişdir.
TQDK-nın Xaçmaz Regional Bölməsindən bildirmişlər ki, buraxılış imtahanı bütün mərkəzlərdə nəzərdə tutulmuş vaxtda başlamış və uğurla başa çatmışdır.