86 saylı İsmayıllı seçki dairəsi üzrə səsvermənin gedişini 830 müşahidəçi izləyir
İsmayıllı, 9 fevral, AZƏRTAC
86 saylı İsmayıllı seçki dairəsi 63 məntəqəni əhatə edir. 9 fevral - Milli Məclisə seçkilərə qabaqcadan ciddi hazırlıq işləri aparıldığından ilk saatlardan etibarən bütün məntəqələrdə səsvermə mütəşəkkil keçir.
Dairənin sədri Əlirəmzi Məhərrəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səsvermədə dəqiqləşdirilmiş siyahıya görə 41 min 648 nəfər vətəndaş iştirak etməlidir. Əvvəlki seçkilərdən fərqli olaraq namizədlər arasında qadınlar və gənclərin sayı xeyli artıb. Onlar 9 namizəddən istədiklərinə səs verirlər.
Seçkilərin Seçki Məcəlləsinə uyğun azad və demokratik keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Səsvermənin gedişini 830 müşahidəçi izləyir. 10 məntəqədə “exit-poll” keçirilir.
Seçicilər səsvermə üçün yaradılan şəraitdən razılıq edirlər. İsmayıllı şəhər sakini 58 yaşlı Qəmbərov Xanlar Məhərrəm oğlu AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Sərbəst və azad səs verməyimiz üçün hər cür şərait yaradılıb. Biz seçicilər də Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermənin məsuliyyətini yaxşı başa düşürük”.