İQTİSADİYYAT
“Azəravtoyol” Dünya Bankı ilə 140 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb VİDEO
Bakı, 7 aprel, AZƏRTAC
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Dünya Bankı arasında “Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə” üzrə kredit sazişi ilə bağlı görüş keçirilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, Nazirlər Kabinetinin nümayəndələri, həmçinin cəmiyyətin və bankın məsul şəxsləri iştirak ediblər.
Görüşdə son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib. Yenilənən yol infrastrukturunda Dünya Bankının rolundan bəhs edilib.
Sonra kredit sazişini “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko imzalayıblar.
“Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə” üzrə kredit sazişi çərçivəsində 140 milyon ABŞ dolları həcmində kredit vəsaitin ayrılması nəzərdə tutulub. Kredit sazişində Azərbaycan hökumətinin payı 43,5 milyon ABŞ dollarıdır.
Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönəldirilməsi nəzərdə tutulub. Bu magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi və institusional dəstək, həmçinin magistral yolların tikintisi komponentləridir.
Magistral yolların tikintisi komponentinə Bakı-Şamaxı avtomobil yolunun 15-45 və 45-91-ci kilometrlik hissələrinin 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsinin tamamlanması, həmçinin 13,3-15 və 91-107 kilometrlik hissələrinin yenidən qurulması layihələri daxildir.
Qeyd olunub ki, Bakı-Şamaxı avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilmiş fiziki işlərin həcmi 70 faizdən artıqdır. Layihəyə uyğun olaraq yolun eni 27, 50 metr, ayrıcı zolağın eni 5 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni isə 7,5 metrdir.
Kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107-ci kilometrlik hissələrinin də genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə tender və layihə - smeta sənədləri hazırlanır. Sözügedən layihə çərçivəsində yolun ümumi eni 29,5 metr, ayırıcı zolağın eni 1metr, bərkidici zolaq 1,5 metr, hərəkət zolağının sayı 4 və 6 ədəd, hərəkət hissəsinin eni 9 və 15 metr, səkilərin eni isə 3 metr olması nəzərdə tutulub.