REGİONLAR
Tərtərdən Şıxarx qəsəbəsinə gedən yol əsaslı şəkildə təmir olunur VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir-tikinti işləri həyata keçirilir.
“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əsaslı şəkildə təmir olunan yolun uzunluğu 3,2 kilometr olmaqla Tərtər şəhərinin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirir. Avtomobil yolunun hərəkət hissəsinin eni 7,5 – 13 metr arası dəyişir.
Təmir-tikinti işləri çərçivəsində, zəruri olan yerlərdə yol yatağında yararsız qrunt qazılaraq kənara daşınıb və yeni yol əsası tikilib. Eyni zamanda, su ötürücü boruları tikilib və yol kənarına yeni səki daşları düzülüb.
Hazırda yola yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə isə, 31 min 200 kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub.
Bundan əlavə, aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilən təmir-tikinti işləri tərtib olunmuş cədvələ uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.