MƏDƏNİYYƏT
Əməkdar Rəssam Aydın Rəcəbovun fərdi yaradıcılıq sərgisi açılmışdır
Bakı, 3 iyun (AZƏRTAC, Aygün Məmmədova). İyunun 3-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə Əməkdar Rəssam Aydın Rəcəbovun fərdi yaradıcılıq sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Muzey Mərkəzində təşkil olunan sərgi Əməkdar Rəssam Aydın Rəcəbovun 70 illik yubileyinə həsr edilmişdir.
Sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, Aydın Rəcəbov Azərbaycanın böyük rəssamı Lətif Kərimovun xalçaçılıq məktəbinin yetirməsidir. Bununla yanaşı, öz fərdi yaradıcılıq üslubunu formalaşdırmış xalçaçı rəssam Aydın Rəcəbovun yaradıcılığı ənənə və müasirliyin sintezinə əsaslanır. Xalçanın estetik gözəlliyi ilə bərabər, xalq yaddaşından süzülüb gələn elementlərdən faydalanmaq Aydın Rəcəbovun yaradıcılığında nəzərə çarpan əsas məqamlardandır.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov və başqaları vurğulamışlar ki, Aydın Rəcəbovun xalçalarında ölçüyə uyğun sıxlıq, zərif ilmə üsulu, əlvan rənglərin harmonik düzülüşü onun əsərlərinə incə poetiklik gətirir.
Bildirilmişdir ki, Aydın Rəcəbov öz xalça və naxış yaradıcılığında əsasən poeziya qaynaqlarına, orta əsr miniatür sənətimizin ənənələri və kompozisiya quruluşuna müraciət edir. Bu qəbildən olan “Şirinin Bisituna gəlməsi”, “Bahar qızı”, “Şərq gözəli”, “Ud ifaçısı”, “Çövkən oyunu”, “Şahın elçiliyi” və s. əsərləri onun süjetli xalçalarının əsas mövzusunu təşkil edir. Aydın Rəcəbovun əsərləri milli xalça sənətimizin bütün incəliklərini ehtiva edir və gələcək nəsillərə ötürür.
Rəssamın 40-a yaxın əsərinin nümayiş olunduğu sərgi iyunun 7-nə qədər davam edəcəkdir.