ELM VƏ TƏHSİL


BİLİK GÜNÜ ASTARA RAYONUNDAKI KAKALOS KƏND 1 NÖMRƏLİ ORTA MƏKTƏBİN BİNASININ AÇILIŞI OLMUŞDUR

Astara, 15 sentyabr (AZƏRTAC). Bilik Günü Astaranın Kakalos kənd 1 nömrəli orta məktəbinin binası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir.

1979-cu ildə inşa edilmiş 624 şagird yerlik təhsil ocağı beş ay müddətinndə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dövlət Neft Şirkəti tərəfindən əsaslı təmir edilmişdir.

Təhsil müəssisəsinin həyətində mini-futbol və voleybol meydançaları salınmışdır.

Məktəb Təhsil Nazirliyi tərəfindən yeni avadanlıq və məktəb ləvazimatları ilə təmin edilmişdir.

Bilik Günü keçirilən mərasimdə çıxış edən Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, məktəbin direktoru Arzu Rzayeva və başqaları kollektivi yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, bu gözəl töhfəyə görə dövlətimizin başçısına, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Toplantıda çıxış edən ARDNŞ-in vitse-prezidenti, məktəbin məzunu Xaliq Məmmədov bildirmişdir ki, bu gün sevincimin həddi-hüdudu yoxdur. Atam üzün müddət bu məktəbə rəhbərlik etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən orta məktəb binası simasını tanınmaz dərəcədə dəyişmişdir.

Dövlət Neft Şirkətinin hazırladığı xüsusi təhsil proqramı ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayan X.Məmmədov ölkənin ali məktəblərində təhsil alan 280, xarici ölkələrdə təhsil alan 162 tələbəyə şirkət tərəfindən təqaüdlərin verildiyini diqqətə çatdırmışdır.

Milli Məclis sədrinin vitse-prezidenti Ziyafət Əsgərov məktəbin şagird və müəllim kollektivini Bilik Günü münasibətilə təbrik etmiş, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə danışmışdır.

Məktəb binasının açılışını bildirən rəmzi lent kəsildikdən sonra qonaqlar təhsil müəssisəsində yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Bilik Günü Astara rayonunda yerli büdcə vəsaiti hesabına əsaslı təmir edilmiş 360 yerlik Suparıbağ kənd orta məktəbinin binası da istifadəyə verilmişdir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.