İDMAN
Boks üzrə Azərbaycan milli komandası Qazaxıstana yollanmışdır
Bakı, 6 fevral (AZƏRTAC). Boks üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak etmək üçün Qazaxıstana yollanmışdır.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmamız fevralın 12-dək yerli komanda ilə birgə hazırlıq keçəcəkdir.
Heyətdə Münasib Məmmədov (49 kq), Tural Əhmədov, Əbdürrəhman Şirinov (hər ikisi 52 kq), Samir Məmmədov, İlkin Ağayev, Cavid Çələbiyev (hamısı 56 kq), Şaban Şahpələngov, Elvin İsayev (hər ikisi 60 kq), Heybətulla Hacəliyev (64 kq), Tamerlan Abdullayev, Bəhruz Babayev (69 kq), Soltan Migitinov, Emil Əhmədov (hər ikisi 75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq), Kamran Mehdiyev, Əsxab Abdulxaliqov və Aleksandr Babiç (91 kq-dan yuxarı) yer almışlar.
Heyətə cəlb olunanlardan A.Babiç baş məşqçi Vladimir Zolotaryovun tövsiyəsi ilə Ukraynadan dəvət olunmuşdur. 18 yaşlı gənc boksçunun təlim-məşq toplanışlarında Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev kimi boksçulara sparinq-rəqib olması nəzərdə tutulmuşdur. Ötən il peşəkar boksçu Vladimir Kliçko Darek Çisora ilə döyüşə hazırlaşarkən, Kiyevdə bir müddət A.Babiçlə məşq etmişdir.
Dünya çempionu Məhəmmədrəsul Məcidov, Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Abdulqadir Abdullayev “Baku Fires” klubunun heyətində olduqlarından Qazaxıstana getməmişlər. Avropa çempionu Salman Əlizadə isə xəstəlik səbəbindən toplanışda iştirak etmir.
Fevralın 14-də isə 4 komanda – Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ukraynanın iştirak edəcəyi beynəlxalq turnirə start veriləcəkdir. Yarış fevralın 17-dək davam edəcəkdir.