CƏMİYYƏT
Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda səfərdədirlər
Bakı, 13 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəis müavini Yaqub Cəfərov, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov və Dövlət Xidmətinin Abşeron Bioloji Laboratoriyasının müdiri Mehrəli Mehrəliyevdən ibarət nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədir.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər Dövlət Xidməti tərəfindən keçirilən tender zamanı əldə edilmiş razılaşmaya əsasən habrobrokan və trixoqrammanın yetişdirilməsində istifadə olunan yeni avadanlıqların alınmasını təmin etmək məqsədi daşıyıb.
Səfər çərçivəsində, həmçinin Azərbaycan ilə Özbəkistan arasında adıçəkilən həşəratların yetişdirilməsi ilə əlaqədar təcrübə mübadiləsi aparılıb. Eyni zamanda, bu həşəratların istehsal prosesinin Azərbaycan Respublikasının iqlim şəraitinə uyğunlaşdırılması, onların istehsalı prosesində ortaya çıxacaq problemlərin aradan qaldırılması və avadanlıqların müasir tələblərə uyğun hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Özbəkistanda “Meximaş” MMC-yə məxsus zavodun rəhbərliyi ilə də görüşüb və zavodda bioloji avadanlıqların istehsal prosesini izləyib, eyni zamanda, müəssisədə istehsal edilən avadanlıqların tətbiq olunduğu bioloji laboratoriya ilə tanış olublar.