DÜNYA


Elektrik avtomobilləri ekoloji cəhətdən həqiqətən də təmizdirmi?

Sürix, 7 yanvar, AZƏRTAC

Müasir dünyamızda ekoloji cəhətdən təmiz məhsullar və həyat tərzi yeni trendə çevrilib. Dünya bazarlarında karbohidrogen enerji daşıyıcılarının qeyri-sabit qiymətləri və ekoloji cəhətdən təmiz mühərriklərin axtarışı avtomobil sənayesi üçün elektrik avtomobillərinin cəlbediciliyini artırmaqdadır. Bir sıra ölkələr həm avtomobil sənayesi, həm də müştərilər üçün sadələşdirmə, vergidən azadetmə və subsidiyalarla nəqliyyatda e-avtomobillərin həcmini artırmağa çalışırlar. Misal üçün, hazırda Norveçdə satışa çıxarılan hər üçüncü avtomobil artıq elektrik mühərriki ilə çalışır. 2025-ci ildə isə bu ölkədə benzin və dizel mühərrikli avtomobillərin nəqliyyatda hərəkətinə icazə verilsə də, onların satışı artıq qadağan ediləcək.

AZƏRTAC xəbər verir ki, isveçrəli mütəxəssislər elektrik mühərriki ilə işləyən avtomobillərin digər mühərrik növləri ilə müqayisəsini aparıblar və bu müqayisədə elektrik avtomobilləri heç də ürəkaçan nəticələr göstərməyib. Dizel, benzin, təbii qaz və hibrid mühərrikli avtomobillərlə müqayisədə elektrik mühərriki ilə hərəkət edən avtomobillərin havaya buraxdığı emissiyalar xeyli aşağı olub. Mütəxəssislər müqayisə üçün Volkswagen Golf markalı avtomobilin eyni mühərrik həcmi və at gücündə nümunələrini test ediblər və e-avtomobil havaya buraxılan zəhərli qazların həcminə görə (172 q/km) digər mühərriklərdən (292-337 q/km) daha yaxşı nəticə göstərib. Bununla belə, müəyyən edilib ki, ənənəvi mühərriklərə nisbətdə hazırda e-avtomobillərin istehsalı ətraf mühit üçün heç də təmiz sayıla bilməz. Bu mühərriklər üçün akkumulyatorların və digər mühüm ehtiyat hissələrinin istehsalında daha çox litium və ağır metallardan istifadə olunur. Bu resursların əldə edilməsi isə heç də ekoloji cəhətdən təmiz şəkildə baş vermir. Eyni zamanda, hazırkı e-avtomobillərin digər mühərriklərə nisbətən havaya üç dəfə çox radioaktiv tullantılar buraxması da müəyyən edilib. Digər tərəfdən də bu avtomobillərin təchizatına xidmət edən elektrik enerjisinin nə dərəcədə “təmiz” olması da mühüm amildir.

İsveçrənin nüfuzlu “Neue Zürcher Zeitung” qəzetində dərc edilən araşdırmada müəlliflər, həmçinin qeyd edirlər ki, bu gün e-avtomobillərlə bağlı fikirlər nə qədər haçalansa və araşdırmalarda fərqli aspekt və parametrlərdən istifadə edilsə də, bu sahənin böyük gələcəyə malik olduğu danılmazdır. Lakin hazırkı göstəricilər hələ də e-avtomobil sənayesinin qarşısında uzun inkişaf və təkmilləşmə yolunun dayandığını göstərir və istehsalatda istifadə edilən resurslar və enerji mənbələri ilə bağlı böyük işlər görülməlidir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Sürix

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.