MƏDƏNİYYƏT
Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş festival davam edir
Bakı, 18 noyabr, AZƏRTAC
Dünyaşöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən musiqi festivalı keçirilir. Noyabrın 23-dək təşkil edilən festivalın konsert və tamaşa nümayişləri davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert proqramı təqdim olunub.
Musiqişünas, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı qonaqları salamlayaraq bildirib ki, bu axşam təqdim olunacaq musiqi əsərləri hər birimizin könlünü oxşayacaq: “Fikrət Əmirov bu əsərləri sevə-sevə qələmə alıb. Onun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın məşhur dirijorlarının bədii rəhbərliyi ilə orkestrlər tərəfindən ifa olunub. F.Əmirov “Sevil” operası ilə Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Bəstəkarın “Min bir gecə” baleti isə dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. Sənətkar, həmçinin musiqi mədəniyyətimizə “Şur”, “Kürd-ovşarı” və “Gülüstan, Bayatı-Şiraz” kimi simfonik muğamlar bəxş edib. “Nizami” baleti, “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” bəstəkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir”, - deyə musiqişünas vurğulayıb.
Sonra konsert proqramı təqdim olunub. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri – Mahir Ordubadi) müşayiəti ilə solistlər – Xalq artisti Simarə İmanova, Əməkdar artistlər Nigar Şahmuradova, Günel Şeyxova, Nigar Rzayeva (hər üçü rəqqasə), xanəndələr Almaz Orucova, Ehtiram Hüseynov, Nuriyyə Hüseynova, ifaçılar Nurlan Əzizbəyli, Taleh Yəhyayev, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Rəvanə Qurbanova və Rauf Məsimov (kamança) çıxış ediblər.
Orkestr əvvəlcə F.Əmirovun “Gözün aydın” musiqili komediyasından rəqsi ifa edib. Sonra “Gülərəm, gülsən”, “Böyük dayaq” kinofilminə yazdığı “Pərişanın mahnısı”, “Reyhan”, “Bir gül seçdim”, H.Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına yazdığı “Kor ərəbin mahnısı”, “Mən səni araram”, xalq mahnısı “Gözəlim sənsən” (F.Əmirovun işləməsi ilə), “Laylay”, “Göygöl” və “Gülür ellər” təqdim edilib.
Bütün çıxışlar alqışlarla qarşılanıb.