REGİONLAR
Füzulidə “Dünya uşaqların gözü ilə” adlı dəyirmi masa təşkil olunub
Füzuli, 17 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Dünya uşaqların gözü ilə” adlı dəyirmi masa təşkil olunub. Görüşdə rayon icra hakimiyyətinin əməkdaşları və müxtəlif orta məktəblərdən olan 35 şagird iştirak edib.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şagirdlərlə keçən görüş Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub. Öncə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən guşə ilə tanışlıq olub. Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətindən və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Uşaq hüquqlarının qorunması istiqamətində rayonda görülən işləri diqqətə çatdıran Gülbahar Eyvazova bugünkü dəyirmi masanın təşkilində əsas məqsədin uşaqların fikirlərinin dinlənilməsi, onların hüquqlarının müdafiəsi məsələsində uşaqların arzu və istəklərinin eşidilməsi olduğunu vurğulaylb
RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloq Muradxan Muradxanlı çıxış edərək uşaq hüquqlarının qanunvericiliklə tənzimlənməsindən və bu istiqamətdə rayonda aparılan işlərdən danışıb.
Daha sonra RİH-in Hüquq şöbəsinin əməkdaşı Vüsal Ədilzadə, psixoloq Arzu Mirzəliyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı İlahə Cəfərova çıxış edərək fikirlərini və tövsiyələrini uşaqlarla bölüşüblər.
Dəyirmi masa uşaqların interakiv iştirakı, maraqlı fikir mübadiləsi şəraitində davam edib. Sonda uşaqlara “Uşaqlar dünyanın sevincidir” adlı videomaterial nümayiş olunub.