Azərbaycanın sumo millisi Yaponiyada hazırlıq keçib
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycanın sumo millisi iyulun 24-dən avqustun 7-dək Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirovun rəhbərliyi ilə Yaponiyada təlim-məşq toplanışında iştirak edib.
Assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, hazırlıq prosesi Asahi Qaoka Sumo Məktəbində, eləcə də Yaponiyanın ən böyük universiteti olan Nihon Daiqaku Universitetində keçirilib. Toplanışın əsas məqsədi idmançıların qarşıdakı mötəbər yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.
Səfir hazırlıq prosesi ilə yaxından tanış olub, idmançılarla görüşərək onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb. Fərid Talıbov oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatında yığmanın yüksək nəticələr qazanacağına inamını ifadə edib.
Qeyd edək ki, sumo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda təşkil olunacaq.