Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının qalibləri mükafatlandırılıb
Qusar, 12 avqust, AZƏRTAC
Qusar Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Olimpiadada doqquz gün ərzində 330-a yaxın yeniyetmə şahmatçı mübarizə aparıb. On bir turdan ibarət yarış "İsveçrə sistemi" üzrə keçirilib. İştirakçılar yaş kateqoriyalarına görə 2 qrupa bölünüblər. A qrupunda 12, 14 və 16 yaşlı, B qrupunda isə 8 və 10 yaşlı yeniyetmələr öz güclərini sınayıblar.
Mükafatlandırma mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, rayonda ilk dəfə belə genişmiqyaslı şahmat yarışı keçirilib. "Qusar bu gün təkcə təbiəti və turizmi ilə deyil, həm də intellektual idmanın inkişafı ilə seçilən rayonlardan biridir. Bu Olimpiadada mübarizə aparan hər bir yeniyetmə bizim üçün artıq qalibdir. Çünki onlar özlərini sınadılar, yeni bilik və bacarıqlar, yeni təcrübələr qazandılar. Əminəm ki, onlar bu sahədə daha da peşəkarlaşaraq Azərbaycan Bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldıracaqlar", – deyə icra başçısı əlavə edib.
Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov Olimpiadanın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib. Qeyd edib ki, regionlarda şahmatın kütləviləşdirilməsi Federasiyanın prioritet istiqamətlərindən biridir və Qusarda keçirilən bu yarış həmin strategiyanın uğurlu nümunəsidir.
Daha sonra beynəlxalq dərəcəli hakim, yarışların baş hakimi Azər İbrahimov qaliblərin adlarını elan edib. 8, 10, 12, 14 və 16 yaşlı oğlanlar və qızlar arasında, eləcə də A və B qrupları üzrə I, II və III yerlərin sahibləri diplom, medal və kuboklarla təltif olunublar. Qusar şəhərindən olan ən fəal yeniyetmə şahmatçı da mükafata layiq görülüb.
A qrupunda I yer tutan 1 oğlan və 1 qız şahmatçı Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıblar.
Respublika Şahmat Olimpiadasının bağlanış mərasimi Qusar Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi konsert proqramı ilə yekunlaşıb.
Müxbir – Elxan Yusifli