Bundesverin obyektləri yaxınlığında yüzlərlə dron uçuşu qeydə alınıb
Berlin, 12 avqust, AZƏRTAC
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) hərbi obyektləri yaxınlığında son illərdə yüzlərlə dron uçuşu qeydə alınıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Bundesverin Əməliyyat Komandanlığının nümayəndəsi xüsusilə 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dronlarla bağlı məlumatların sayının əhəmiyyətli dərəcədə artdığını və yüksək səviyyədə qalmaqda davam etdiyini bildirib.
Rəsmi məlumata görə, son illər Bundesverin fəaliyyət göstərdiyi ərazilərdə ümumilikdə bir neçə yüz şübhəli dron uçuşu barədə məlumat verilib. Hadisələr əsasən ayrı-ayrı pilotsuz uçuş aparatları ilə bağlı olsa da, bəzi hallarda dron qrupları da müşahidə edilib. Bundesver ayrı-ayrı insidentlər barədə əlavə məlumat verməyib.
Komandanlığın nümayəndəsi bildirib ki, Almaniya hər gün dezinformasiya, saxta xəbərlər, kiberhücumlar, casusluq və hətta sabotaj kimi hibrid təhdidlərlə üzləşir.
Qeyd edək ki, ötən həftə Şimali Reyn-Vestfaliya əyalətinin Mexernix şəhərindəki hərbi baza üzərində iki dron müşahidə edilib. Bundesver hadisə ilə bağlı məlumatı polisə təqdim edib. Eyni həftə Leypsiq hava limanında partlayıcı maddə və alışdırıcı ilə təchiz olunmuş dron aşkarlanıb. İstintaq orqanları hadisəni mümkün terror aktına cəhd kimi qiymətləndirib və işin istintaqını Almaniya Baş Prokurorluğu üzərinə götürüb.