Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək
Astana, 12 avqust, AZƏRTAC
“Morpоrt Aktau” xüsusi iqtisadi zonasında “Eurasia Supply Chain Aktau” MMC-nin logistika kompleksi fəaliyyət göstərir. Kompleksin şəbəkəsi ilkin mərhələdə Qazaxıstan, Rusiya, Türkmənistan, İran və Azərbaycanı əhatə edəcək.
AZƏRTAC Mangistau vilayəti yerli icra orqanının mətbuat xidmətinə istinadla xəbər verir ki, kompleks 22,7 hektar ərazidə yerləşir. İnvestisiyaların həcmi 10 milyard tenge (təxminən 21,5 milyon ABŞ dolları) təşkil edir.
Bazanın imkanları eyni vaxtda 5 minədək 20 futluq dəniz konteynerinin saxlanmasına imkan verir. Ərazidə tranzit gömrük anbarı və beynəlxalq konteyner terminalı fəaliyyət göstərir.
Layihənin əsas məqsədi Xəzər regionu vasitəsilə Şərqi Asiya ölkələri ilə Avropa arasında səmərəli logistika əlaqəsinin formalaşdırılmasıdır.
Gələcəkdə əhatə dairəsinə Belarus, Özbəkistan, Gürcüstan, Türkiyə və İraqın da daxil edilməsi nəzərdə tutulur. Orta və uzunmüddətli perspektivdə isə Bolqarıstan, Rumıniya və Ukrayna da daxil olmaqla, Şərqi və Cənubi Avropa bazarlarına çıxış planlaşdırılır.
Obyekt 2026-cı ilin martında istismara verilib.