Pit Heqset: ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırıb
Bakı, 13 avqust, AZƏRTAC
ABŞ administrasiyası Latın Amerikası ölkələrindən Vaşinqtonun yaratdığı “Amerika Qalxanı” alyansında iştirak edən müttəfiqlərinin Roma Statutundan çıxmasını və Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tərk etməsini istəyir.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Panamada çıxışı zamanı deyib.
“Ölkələrimiz öz suverenliyini və hərbçilərindən öz müdafiələri üçün istifadə etmək imkanını qoruyub saxlayırlar. Biz təhlükəsizliyimizə və vətəndaşlarımızın təhlükəsizliyinə təhdidlərdən müdafiə olunmaq hüququmuzdan heç vaxt imtina etməyəcəyik. Biz yalnız öz vətəndaşlarımız və konstitusiyamız qarşısında cavabdehik, seçilməmiş beynəlxalq bürokratlar qarşısında deyil”, - deyə P.Heqset bildirib.
ABŞ müdafiə naziri alyansın bütün üzvlərini BCM-dən çıxmağa və məhkəmənin hökumətlərin və məhkəmələrin suverenliyini məhdudlaşdırmaq cəhdlərini rədd etməyə çağırıb.
P.Heqsetin sözlərinə görə, beynəlxalq sol qüvvələr və onları dəstəkləyən media BCM-in ABŞ hərbçilərinə və Vaşinqtonun tərəfdaşlarının keçirdiyi əməliyyatlara yurisdiksiyasını qanunsuz şəkildə genişləndirməyə çalışır.
“BCM-in qanunsuz şəkildə hakimiyyəti ələ keçirmək cəhdlərinin heç bir hüquqi əsası yoxdur. Bu istiqamətdə atdığımız addımlar silahlı münaqişə hüququnun normalarına tam uyğundur”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, BCM və digər beynəlxalq qurumlar ABŞ-nin səylərini zəiflətməyə çalışır, lakin əsl terrorçuları və diktatorları məsuliyyətə cəlb etmək üçün heç nə etmirlər. Heqset BCM-in ABŞ və onun tərəfdaşlarının milli suverenliyinə, konstitusiya səlahiyyətlərinə və milli maraqlarına təhlükə yaratdığını bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası artıq bir neçə dəfə BCM-ə qarşı sanksiyalar tətbiq edib. ABŞ Prezidenti Donald Tramp ötən il fevralın 6-da məhkəmə rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini ABŞ və onun müttəfiqləri, o cümlədən İsraillə bağlı araşdırmalar aparmaqda qanunsuz hərəkətlərdə ittiham edib.
Sərəncama əsasən, ABŞ vətəndaşları və ya müttəfiqləri ilə bağlı araşdırmalarda iştirak edən BCM əməkdaşlarına, habelə onların ailə üzvlərinə qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqi mümkündür.
“Amerika Qalxanı” ABŞ və bir sıra Latın Amerikası ölkələrinin narkokartellərlə mübarizə və birgə hərbi əməliyyatların həyata keçirilməsi məqsədilə yaratdığı alyansdır.