MƏDƏNİYYƏT
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də “İçərişəhər” Muzey Mərkəzinin Fotoqrafiya Evində “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı bədii səyyar fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Muzey Mərkəzi, Ukraynanın Azərbaycandakı səfirliyi, eləcə də Sumqayıtdakı İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə təşkil olunub.
İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirib ki, sərgidə təqdim edilən fotolar əsasən, Kiyev-Peçora monastır ansamblının memarlığını əks etdirir: “Kompleks XI əsrdən XX əsrədək müxtəlif dövrləri əhatə edən 140 milli-mədəni irs abidəsini, o cümlədən iki mağara kompleksini özünə daxil edir. Kiyev-Peçora monastırı özünün çoxəsrlik tarixində işğalçılar tərəfindən dəfələrlə dağıdılıb. Təbii fəlakətlər də ondan yan keçməyib. Xüsusilə, XX əsrdə monastırın tale payına ağır sınaqlar düşüb. Fotolarda II Dünya müharibəsi zamanı Kiyev-Peçora monastırının dağıdılmasını görmək olar. Lakin Ukrayna xalqının səyləri nəticəsində milli ziyarətgah bərpa edilib. Artıq müstəqillik illərində əsasən məbəd - Uspenski baş kilsəsi əvvəlki halına qaytarılıb”.
Kiyev-Peçora monastırının elmi-tədqiqat şöbəsinin müdiri, arxeoloq və səyyar sərginin kuratoru Konstantin Krayni qeyd edib ki, monastırın tarixi onlarla yüzillikləri əhatə edir. İlk dəfə onun adı 1051-ci ilin salnaməsində çəkilir. Bildirib ki, monastırın ərazisində XX əsrə qədər xəstəxana, topoqrafiya fəaliyyət göstərib: “Təəssüf ki, XIX əsrə qədər Kiyev-Peçora monastırın görüntüləri bizə məlum deyil. Buna görə də monastırın görməli yerlərinin orta əsrlərdə necə olması barədə dəqiq məlumat yoxdur. Yazılı dəlil və rəsmlər yalnız ümumi mənzərə yaradır. XIX əsrin ortalarında fotoqrafiyanın meydana gəlməsi sayəsində, biz artıq “sənədləşdirilmiş” vizual tarixi görürük”.
K.Krayni qeyd edib ki, 1990-cı ildə UNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Dövlətlərarası Komitəsinin 14-cü sessiyasında Kiyev-Peçora monastırı memarlıq kompleksinin müstəsna əhəmiyyəti nəzərə alınaraq, abidə Ümumdünya mədəni irs siyahısına daxil edilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi sentyabrın 26-dək Bakıda, sentyabrın 28-dən oktyabrın 5-dək Sumqayıt şəhərinin Tarix Muzeyində nümayiş olunacaq.