Səfirlik: ABŞ Ticarət Palatası Azərbaycana ilk biznes missiyasını uğurla başa çatdırıb
Bakı, 10 fevral, AZƏRTAC
ABŞ Ticarət Palatası Azərbaycana ilk biznes missiyasını uğurla başa çatdırıb.
Bu barədə AZƏRTAC-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, ABŞ Ticarət Departamenti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan bu missiya çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirilib. Həmçinin müxtəlif istiqamətlər üzrə dəyirmi masalar, siyasi dialoqlar, görüşlər olub.
ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi deyib ki, bu ilk biznes missiyası ABŞ-ın özəl sektoru ilə Azərbaycan Hökuməti və biznes dairələri arasında yeni dialoq kanallarını açır. “Son iki gün ərzində biz iqtisadi prioritetlər, investisiya mühiti və enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə kimi önəmli sahələrdə uzunmüddətli tərəfdaşlıq məsələlərini müzakirə etdik”, - deyə o əlavə edib.
Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon deyib ki, ABŞ-ın 30 aparıcı şirkətinin bu tarixi səfəri iki ölkənin münasibətlərində mühüm mərhələdir. “Bundan əlavə, səfər Prezident Trampın Cənubi Qafqazda davamlı sülh və rifah baxışının həyata keçirilməsi istiqamətində növbəti addımdır”, - deyə o qeyd edib.
“Visa” şirkətinin baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros isə bildirib: “Biz bu mühüm biznes missiyasını və Azərbaycanın inkişaf edən rəqəmsal ödəniş ekosistemini dəstəkləməkdən qürur duyuruq. “Visa” innovasiyaların, maliyyə inklüzivliyinin və biznesləri gücləndirən, ölkənin iqtisadi transformasiyasını dəstəkləyən təhlükəsiz nağdsız həllərin təşviqinə sadiqdir”.