Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın qlobal rolunu daha da gücləndirəcək ŞƏRH
Bakı, 10 fevral, AZƏRTAC
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli deyib.
O hesab edir ki, ötən il avqustun 8-də əsası qoyulan və Asiya ilə Avropanı birləşdirəcək mühüm logistika layihəsi kimi nəzərdə tutulan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) reallaşması Azərbaycanın regional və qlobal mövqelərini daha da gücləndirəcək. Dünyanın ən güclü dövləti layihədə iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülhün təminatçısı rolunu oynayır, hər iki ölkənin müstəqilliyi və təhlükəsizliyi üçün əlavə zəmanət yaradır.
“Strateji Tərəfdaşlıq Xartiyası süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının gücləndirilməsi, hərbi sənaye avadanlıqlarının satışı, eləcə də digər mühüm iqtisadi layihələri əhatə edir. Bu amillər Azərbaycanın regional və qlobal mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Eyni zamanda, Vens Tramp administrasiyasının Türkiyə və İsraillə yaxşı münasibətlərə malik olduğunu xüsusi vurğuladı. Bu, ABŞ administrasiyasının Azərbaycan-Ermənistan sülh prosesinə təkcə Cənubi Qafqaz kontekstində deyil, bütövlükdə Avroatlantik inteqrasiyanın genişlənməsi layihəsinin tərkib hissəsi kimi baxdığını göstərir”, - deyə İ.Hüseynli əlavə edib.