Naxçıvanda “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda regional elmi-praktik seminar təşkil olunub



Naxçıvan, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Mərkəzi Klinikanın və Naxçıvanda fəaliyyət göstərən həkim-ginekoloqlarının iştirakı ilə “Sonsuzluğun müalicəsində müasir texnologiyanın rolu” mövzusunda regional elmi-praktiki seminar təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri Süleyman Cəfərov və Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova hazırkı dövrdə sonsuzluğun müalicəsində müasir texnologiyaların tətbiqinin bu sahədə uğurlu nəticələrə səbəb olduğunu qeyd ediblər.
Vurğulanıb ki, Azərbaycanda bu sahədə savadlı mütəxəssislərin yetişdirilməsi, sonsuzluqdan əziyyət çəkən insanlarımızın xarici ölkələrə üz tutmadan öz vətənində müalicə olunması çox vacib məsələdir. Muxtar respublikada bu sahədə fəaliyyət göstərən həkimlər bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün mütəmadi olaraq paytaxt Bakı şəhərində və xarici ölkələrdə təcrübə keçirlər. Regionlarda təşkil olunan bu cür seminarlar həkimlər arasında təcrübə mübadiləsinin aparılması baxımından çox əhəmiyyətlidir.
Mərkəzi Klinikanın mama-ginekologiya şöbəsinin müdiri, ekstrakorporal mayalanma üzrə mütəxəssis, tibb elmləri namizədi Mahirə İsmayılova çıxışında bildirib ki, bu seminar Mərkəzi Klinikanın, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin birgə layihəsidir. Mahirə İsmayılova seminarın təşkilində göstərilən dəstəyə görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.
Mahirə İsmayılova qeyd edib ki, ekstrakorporal mayalanma (süni) mərkəzləri əsasən paytaxt Bakı şəhərində yerləşir. İki il öncə regionlarda ilk dəfə olaraq Mərkəzi Klinikanın Gəncə Xəstəxanasında ekstrakorporal mayalanma mərkəzi yaradılıb və sonsuzluğun müalicəsində ən müasir və effektiv üsulun tətbiqinə başlanılıb. Muxtar respublikada da ekstrakorporal mayalanma mərkəzinin yaradılması çox vacib məsələdir. Çünki müalicə üçün Naxçıvan Muxtar Respublikasından insanların paytaxt Bakı şəhərinə və xarici ölkələrə getməsi onlar üçün bir sıra çətinliklər yaradır.
Naxçıvandakı Doğum Mərkəzi ilə tanışlıq olduğunu, burada müasir standartlara cavab verən avadanlıqların quraşdırıldığını bildirən Mahirə İsmayılova gələcəkdə bu səhiyyə müəssisəsi ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi aparılması üçün əlindən gələni əsirgəməyəcəyini dedi.
Sonra Mərkəzi Klinikanın mama-ginekologiya şöbəsinin müdiri Mahirə İsmayılovanın “Ekstrakorporal mayalanma və uşaqlıqdaxili inseminasiyada seçim kriteriyaları”, klinikanın həkimləri İlyas Karakayanın “Embrioloji laboratoriyanın işi (İVF, İCSİ, İUİ)”, Könül Əhədzadənin “Ekstrakorporal mayalanmaya hazırlıq müayinələri”, Fidan Həsənovanın “Hamiləlikdə prenatal diaqnostika”, Leyla Səfərovanın “Ekstrakorporal mayalanmada preimplantasiya diaqnostikanın rolu” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.