SİYASƏT


Romanın Sapienza Universitetində Azərbaycanla bağlı konfrans keçirilib VİDEO

Roma, 25 yanvar, AZƏRTAC

Romanın Sapienza Universitetində Sapienza Fondu, eləcə də həmin universitetin kommunikasiya və sosial araşdırmalar departamentinin təşkilatçılığı ilə “İtaliyada Azərbaycanla bağlı araşdırmalar: mövzular və perspektivlər” adlı akademik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Sapienza Universitetinin rektoru Eugenio Qaudio Azərbaycan və İtaliya arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, son illərdə İtaliyada, xüsusilə Sapienza Universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının əhəmiyyətli dərəcədə artdığını söyləyib. O, rəhbərlik etdiyi universitetdə Azərbaycanla bağlı konfransın keçirilməsindən məmnun olduğunu və belə tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini deyib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxışında ölkəmizin tarixi, hazırkı reallıqları, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması, Azərbaycanın bu il müstəqilliyinin bərpasının 27-ci ilini qeyd edəcəyi və bu illər ərzində ölkəmizin qazandığı uğurlar, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi mövzulardan danışıb. Azərbaycan-İtaliya münasibətlərindən söhbət açan diplomat ötən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirib və münasibətlərdə əldə olunmuş nəticələr və perspektivlər barədə fikirlərini bölüşüb.

Daha sonra Roma Sapienza Fondunun sədri Antonello Biagini, Sapienza Universitetin Avropa tarixi doktoranturasının koordinatoru Alessandro Saggioro, habelə Əməkdaşlıq və İnkişaf Proqramının rəhbəri Marko Kilento çıxış edərək Azərbaycan haqqında həqiqətlərin, ölkənin inkişafı, İtaliya ilə əlaqələri və beynəlxalq münasibətlərdəki rolunun öyrənilməsi baxımından konfransın əhəmiyyətini vurğulayıblar.

Konfrans dörd paneldən, müvafiq olaraq hüquq, tarix, sosial və siyasi elmlər və Azərbaycanla bağlı araşdırma aparan doktorantlar hissələrindən ibarət olub. Bu panellərdə Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri, Azərbaycanın tarixi, enerji siyasəti, Türkiyə, İran, Rusiya, regionun digər ölkələri, ABŞ və Avropa İttifaqı ilə münasibətləri, ictimai diplomatiya, Azərbaycanda sosial rifah və Azərbaycan ədəbiyyatı, İtaliyada Azərbaycanla bağlı nəşr olunan kitablar kimi mövzular üzrə çıxışlar olub.

Tədbirdə İtaliyada Azərbaycanla bağlı araşdırma aparan tədqiqatçılar iştirak ediblər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.