Xarici mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhərlərin gələcəyi üçün əsas qlobal platforma kimi qiymətləndirilir.
Bunu AZƏRTAC-a “GSMA Mobile for Development” təşkilatının iqlim və rəqəmsal həllər istiqamətinin rəhbəri Akankşa Şarma bildirib.
“GSMA” nümayəndəsi forumun sürətli urbanizasiya, iqlim dəyişiklikləri, eləcə də infrastruktur və ictimai xidmətlərə artan tələbatla bağlı çağırışların müzakirəsi üçün beynəlxalq platforma kimi əhəmiyyətini vurğulayıb.
O qeyd edib ki, 2050-ci ilədək şəhərlərin artımının böyük hissəsi Afrika və Asiya ölkələrinin payına düşəcək və həmin regionlarda şəhər əhalisi daha 2,2 milyard nəfər artacaq. Bu regionların bir çoxu artıq daşqınlar, ekstremal istilər və infrastrukturun həddindən artıq yüklənməsi də daxil olmaqla iqlim risklərinin nəticələri ilə üzləşir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, WUF13 ümumi problemlərin praktiki həll yollarının tapılması məqsədilə hökumətləri, şəhər administrasiyalarını, biznes dairələrini və vətəndaş cəmiyyətini bir araya gətirib. Bu baxımdan “GSMA” rəqəmsal infrastrukturu və mobil rabitəni dayanıqlı şəhər inkişafının əsas elementləri kimi qiymətləndirir.
O həmçinin vurğulayıb ki, gələcəyin şəhərləri yalnız yaşayış məkanları deyil. Bu şəhərlər energetika, su təchizatı, nəqliyyat, rəqəmsal xidmətlər və ictimai xidmətlərin vahid sistem kimi qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyi məkanlardır. Onun sözlərinə görə, mobil texnologiyalar şəhərlərin dayanıqlığını, inklüzivliyini və əhalinin tələbatına uyğunlaşma imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər.
Müxbir – Tamilla Məmmədova