CƏMİYYƏT
Ürək-damar cərrahlarımız Azərbaycan səhiyyəsində ilkə imza atıblar



Bakı, 22 noyabr, AZƏRTAC
Ürək-damar cərrahlarımız Azərbaycan səhiyyəsi tarixində növbəti uğura imza atıblar. Ölkəmizdə ilk dəfə olaraq xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldilərək pozulmuş ürək qapağının əvəz olunmasında istifadə edilib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, “Ozaki əməliyyatı” adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxananın Ürək və Damar Cərrahiyyəsi şöbəsində tanınmış ürək-damar cərrahı, klinikanın baş həkimi professor Kamran Musayev və komandası tərəfindən uğurla həyata keçirilib. Klinikaya aortal qapağın ciddi kalsifik stenozu səbəbi ilə müraciət edən 73 yaşlı kişi xəstə əməliyyatdan bir həftə sonra artıq evə yazılıb.
Ürək qapaqlarının anatomik və funksional ciddi pozulmalarında cərrahi müalicə tətbiq olunduğunu bildirən K.Musayev klassik cərrahiyyədə bu qapaqların mexaniki və bioloji protez qapaqlarla dəyişdirildiyini, ancaq həm mexaniki, həm də bioloji protez qapaqların özünəməxsus problemlərinin daim aktual olduğunu qeyd edib: “Alternativ metod kimi qapaqların təmiri əməliyyatları getdikcə geniş yayılsa da, təəssüf ki, bütün xəstələrdə tətbiq oluna bilmir. Son illərdə yapon alimi Şiqeyuki Ozaki tərəfindən təklif edilən metod aortal qapağın cərrahi müalicəsində inqilabi dəyişikliyə səbəb olub. “Ozaki əməliyyatı” adlanan bu yanaşmada pozulmuş aortal qapaq xəstənin öz ürəyinin pərdəsindən hazırlanmış qapaq tayları ilə əvəz olunur. Ürəyin pərdəsi, yəni, autoloq perikard xüsusi metodla hazırlanır”.
Uzunmüddətli dayanıqlılıq üçün bu hazırlama mərhələsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən professor əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağın normal qapaqdan ayırd edilməsinin mümkün olmadığını bildirib.
“Yapon alimi tərəfindən təklif edilən ölçü sistemi və alətlərlə, kritik ölçmə mərhələsindən sonra qapaq tayları əvvəlcədən hazırlanmış autoloq perikard taylarla əvəz olunur. Beləliklə, heç bir süni və sintetik materialdan istifadə etmədən aortal qapaq rekonstruksiya edilir. Ona görə də əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağı normal qapaqdan ayırd etmək çox çətindir”, - deyə professor diqqətə çatdırıb.
Ürək qapaqlarının bu cür metodla dəyişdirilməsinin pasiyentlər üçün həm tibbi, həm də maliyyə baxımından çox sərfəli olduğunu bildirən K.Musayev bu əməliyyatın həm yuxarı, həm də aşağı yaş qrupunu əhatə edən xəstələrdə həyata keçirilməsinin vacib olduğunu deyib. O, həmçinin bildirib: “Normal fiziologiyaya çox yaxın olduğundan, eləcə də heç bir süni materialdan istifadə olunmadığından əməliyyatdan sonra qandurulducu dərmanlara ehtiyac olmur. Hemodinamik performansı mükəmməldir. Nəticələri digər mexaniki və bioloji protezlərə görə daha yaxşıdır. Ozakinin öz nəticələrinə baxsaq, 10 il ərzində təkrar müdaxiləsiz yaşam göstəricisi 95,8 faizə bərabərdir. Maddi baxımdan da bu metod sərfəlidir, çünki kifayət qədər bahalı olan protez qapaqlardan istifadə edilmir. Bu metodun istifadəsi yaşlı xəstələrdə ilk seçim olmalıdır. Uşaqlarda istifadəsi isə daha maraqlıdır. Protez qapaqlardan istifadə olunması böyüdükcə uşaqlarda kifayət qədər ciddi problemlər yaradır. Bu problemlərin qarşısını “Ozaki əməliyyatı” ilə almaq mümkündür. Eyni zamanda, qandurulducu dərman istifadə edə bilməyən və ya etmək istəməyən xəstələrdə, həmçinin əməliyyatdan sonra hamilə olmaq istəyən gənc qadın pasiyentlərdə də istifadəsi məqsədəuyğundur”.
Dünyada çox az sayda mərkəzdə və çox az sayda cərrah tərəfindən tətbiq olunan bu əməliyyatın ölkəmizdə həyata keçirilməsini Azərbaycan səhiyyəsinin növbəti uğuru kimi dəyərləndirən Kamran Musayev daim dünya ürək cərrahiyyəsində baş verən yenilikləri təqib və tətbiq etdiklərini qeyd edib.
“Professor Ozakinin özünün təşkil etdiyi kursda iştirak etdim. Yaxın dostluq münasibətlərimiz yarandı. Bu gün ölkəmizdə uğurla həyata keçirdiyimiz bu əməliyyatın baş tutmasında ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində iştirak etdiyim praktiki kursun da çox faydası oldu. Mütəmadi olaraq professor Ozaki ilə məsləhətləşir, fikir mübadiləsi aparırıq. Dünya ürək cərrahiyyəsinin aparıcı mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıq ölkəmizdə ürək cərrahiyyəsinin inkişafında mühüm rol oynayır”, - deyə mütəxəssis qeyd edib.