İDMAN


Usta cüdoçularımız dünya çempionatında 5 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın veteran cüdoçuları Mərakeşdə keçirilən dünya çempionatında uğurla çıxış ediblər. Qırx doqquz ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionata 15 cüdoçu ilə qatılan komandamız 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, yığma komandaya ilk qızıl medalı M-7 kateqoriyası üzrə Fərhad Rəcəbli (90 kq) qazandırıb. Bu, 60 yaşını Mərakeşdə qeyd edən usta cüdoçumuzun veteranlar arasında dünya çempionatları tarixində doqquzuncu qızıl medalıdır. Onu da xatırladaq ki, Fərhad Rəcəbli veteranlardan ibarət yığma komandamızın baş məşqçisi, həmçinin usta cüdoçular arasında Avropa çempionatının yeddiqat qalibidir.

Komandamızın aktivinə digər qızıl medalları Məmməd Məmmədov (M-1, 73 kq), Mübariz Cəfərov (M-4, 81 kq), Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 100 kq) yazdırıblar.

M-2 kateqoriyasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev isə təkcə finalda məğlub olaraq gümüş medala layiq görülüb.

Veteranlar arasında ikiqat dünya çempionu Müşfiq Cəfərov (M-5, 73 kq) isə bu dəfə bürünc medalla kifayətlənib.

İdmançılarımızdan Vüsal Cəfərov (M-2, 90 kq) çempionatı beşinci, Babək Hacıyev (M-3, 60 kq), Yamən Fətiyev və Azər Əsgərov (hər ikisi M-5, 100 kq) yeddinci pillədə başa vurublar.

Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız bu nəticə ilə komanda hesabında beşinci yeri tutublar. Kişilərin yarışında isə Azərbaycan komandası Fransa və Rusiya komandalarından sonra üçüncü olub.

Dünya çempionatında iştirakı Assosiasiya tərəfindən təmin edilən usta cüdoçularımız yarışlara “Judo Club 2012” idman klubunda hazırlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.