Azərbaycan və Qazaxıstan arasında bir çox sahədə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb
Bakı, 29 avqust, AZƏRTAC
Milli Məclisin deputatı Günay Əfəndiyeva Astana şəhərinə səfəri çərçivəsində Qazaxıstan Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Qazaxıstanın yeni birpalatalı parlamenti – Kurultaya seçkilərin keçirilməsindən söz açılıb. Günay Əfəndiyeva TÜRKPA missiyası çərçivəsində beynəlxalq müşahidəçi qismində iştirak etdiyi parlament seçkilərini Qazaxıstan tarixində yeni mərhələ kimi qiymətləndirib.
Tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığının davamlı inkişafından bəhs edib.
İki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni və digər bir çox mühüm sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycan və qazax xalqlarını birləşdirən tarixi köklər, ortaq milli-mənəvi dəyərlər və zəngin mədəni irsin ikitərəfli münasibətlərin təməlini təşkil etdiyi diqqətə çatdırılıb.
Mədəni layihə və təşəbbüslərin xalqlarımız arasında dostluğun daha da dərinləşdirilməsində mühüm rol oynadığı bildirilib.
Görüşdə Azərbaycanın işğaldan azad edilən Qarabağ ərazisində həyata keçirilən bərpa və quruculuq layihələri, eləcə də Qazaxıstanın bu prosesə verdiyi dəstək qeyd olunub. Həmçinin yaradıcı şəxslər və mədəniyyət qurumları arasında əlaqələrin gücləndirilməsi, parlamentlərarası mədəni-humanitar əməkdaşlığın inkişafı, birgə layihələrin təşviqi məsələlərinə toxunulub.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.