DGK: Külli miqdarda dərman preparatları aşkar edilib
Bakı, 29 avqust, AZƏRTAC
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilən gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 min 836 ədəd dərman vasitəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.