İQTİSADİYYAT
® “Azercell”in dəstəyi ilə məktəblilərimizin daha bir uğuru
Tbilisidə informatika fənni üzrə Beynəlxalq Olimpiadada komandamız ikinci olub
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadasında şagirdlərimiz ölkəmizi layiqincə təmsil ediblər. Yarışda Cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb. Cənub regionu üzrə 19 komandanın yarışdığı olimpiadada Azərbaycanı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyinin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə və İbrahim Tağızadə təmsil edib.
Məktəblilərimizin uğur qazanmasında “Azercell Telekom” MMC-nin də böyük rolu olub. Belə ki, məktəblilər yarışa Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar. Məşğələlərdə şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimullaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün mərkəz tərəfindən hərtərəfli şərait yaradılıb. Qeyd edək ki, müsabiqədə iştirak etməkdə məqsəd 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının (İOİ) hazırlıq planına uyğun olaraq, şagirdlərimizin bilik səviyyələrini müəyyənləşdirmək, təcrübələrini artırmaq və hazırlıq prosesini daha da intensivləşdirmək idi. 2019-cu ildə ölkəmizdə təşkil olunacaq Beynəlxalq İnformatika Olimpiadasında dünyanın 80-ə yaxın ölkəsindən 300-dən çox şagirdin iştirakı gözlənilir. Məlumat üçün bildirək ki, korporativ sosial məsuliyyət strategiyasında təhsilin və gələcəyimiz olan uşaqların inkişafına yönəlik layihələri ilə hər zaman seçilən “Azercell Telekom” MMC oktyabr ayında Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edən məktəblilərə də dəstək olub.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.