CƏMİYYƏT
"ASAN xidmət"in kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə agentliyin sədri Ülvi Mehdiyev və qurumun kollektivi tərəfindən Fəxri xiyabanda Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, Ulu Öndərin məzarı ziyarət olunub və önünə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Dövlət Agentliyində təşkil olunan tədbirdə öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarxlar nümayiş olunub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müstəqil Azərbaycan Respublikasının qurucusu, uzaqgörən siyasətçi Heydər Əliyevin zəngin təcrübəsindən, ölkəmizin inkişafı, tərəqqisi naminə gördüyü işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, məhz Ümummilli Liderin dövlət siyasətinin müxtəlif sahələrində həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə dinamik inkişafın əsası qoyulub, sosial-iqtisadi tərəqqiyə nail olunub.
Sonra Prezident İlham Əliyevin 2022-ci il 27 dekabr tarixli sərəncamları ilə təltif olunmuş əməkdaşlara “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və "Əməkdar jurnalist" fəxri adı təqdim edilib.
Həmçinin Dövlət Agentliyinin Aparatında və “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşlar “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı və “Nümunəvi əməkdaş” döş nişanı ilə təltif ediliblər.
Günün sonunda Dövlət Agentliyinin inzibati binasında ASAN könüllülərinin ifasında milli musiqilər səsləndirilib.