"AzInTelecom” bu il “IMS” beynəlxalq kommutasiya sistemini istifadəyə verəcək
Bakı,17 avqust, Xatirə Cəfərova, AZƏRTAC
"AzInTelecom" MMC bu il “IMS” (IP Multimedia Subsystem) beynəlxalq kommutasiya sistemini istifadəyə verəcək. Hazırda bu sistemin yaradılması üzrə tenderin qalibi Fransanın “Alcatel Lucent” şirkəti ilə birgə iş aparılır.
"AzInTelecom" MMC-dən AZƏRTAC-a verilən məlumata görə, “IMS” platforması 594, 595 ATS-nin əsasında tətbiq edilir. Yeni sistem geniş intellektual imkanlara malikdir. “IMS” - 3G.IP. qrupu tərəfindən yaradılan IP protokolu üzərindən multimedia kontentinin ötürülməsi sistemidir. İlkin mərhələdə bu sistem multimedia platforması kimi yaradılsa da, sonra birləşmələri tam nəzarətdə saxlayan və müxtəlif çıxış şəbəkələri ilə işləyən arxitekturaya çevrilib. Multimedia kontentinin ötürülmə imkanı operatora müxtəlif intellektual xidmətlər göstərməyə və hər bir abunəçidən əldə edilən gəlirin (ARPU) həcmini artırmağa imkan verir. IP protokolunun istifadəsi isə kiçik əməliyyat xərcləri sayəsində çevik şəbəkə yaratmağa imkan verir.
Bu sistemin daha bir özəlliyi onun ənənəvi vertikal arxitekturadan fərqli olaraq horizontal arxitektura malik olmasıdır. Oktyabr-noyabr aylarında sistemin istismara verilməsi planlaşdırılır.
“Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu il iyunun 26-da Beynəlxalq Hesablaşmalar və Əlaqələr Mərkəzinin əsasında yaradılıb.