"Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda seminar keçirilmişdir
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Azərbaycan Texniki Universitetində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda növbəti seminar keçirilmişdir.
Tədbirdə ali təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbələri iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rəisinin müavini Vidadi Quliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, ulu öndərin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da BMT-nin istehlakçı hüquqlarına dair rəhbər prinsipləri əsasında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Hazırda bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunmuş, ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılmışdır.
Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" məruzəsi ilə çıxış edərək, istehlakçı hüquqları barədə ətraflı məlumat vermiş, bu sahədə dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Seminar iştirakçılarının istehlakçı hüquqları ilə bağlı çoxsaylı sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair müxtəlif broşürlər və yaddaş kitabçaları paylanmışdır.