"Microsoft"un Azərbaycandakı mövcud əlaqələri və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib
Bakı, 22 avqust, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar (RYTN) naziri Əli Abbasov "Microsoft" şirkətinin vitse-prezidenti, dövlət sektoru ilə iş üzrə rəhbəri xanım Trudi Norris-Qreylə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə "Microsoft" şirkətinin Azərbaycandakı mövcud əlaqələri və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Xanım Norris-Qrey Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq "Microsoft" şirkətinin Avropa Oyunlarının tərəfdaşlarından biri olduğu üçün məmnuniyyətini ifadə edib.
Nazir Ə.Abbasov "Microsoft" şirkəti ilə mövcud olan əməkdaşlığın yüksək səviyyədə olduğunu, o cümlədən ilk Avropa Oyunları zamanı təqdim etdiyi qabaqcıl texnologiya və keyfiyyətli xidmətlərə görə təşəkkürünü bildirib.
Görüş çərçivəsində "Microsoft" şirkəti ilə bulud texnologiyaları, kibertəhlükəsizlik, elektron hökumət sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda, Azərbaycanda Uptime İnstitutunun qiymətləndirməsinə görə TIER 3 səviyyəli Data Mərkəz vasitəsilə "Microsoft" şirkətinin bulud texnologiyaları əsasında yeni xidmətlərin tətbiqi üzrə tədbirlərin görülməsinin nəzərdə tutulduğu qeyd edilib.
Sonda tərəflər bu ilin dekabrında Azərbaycanda keçiriləcək "BakuTel-2015" sərgi-konfransında "Microsoft" şirkətinin iştirakı məsələsini müzakirə ediblər.