"Sinam" şirkəti Qırğızıstanda yeni layihəyə başlayır
Bakı, 12 avqust, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycanın informasiya texnologiyaları şirkəti "Sinam" Qırğızıstanın Mərkəzi Bankında sənəd dövriyyəsinin avtomatlaşdırılması ilə əlaqədar tenderdə iştirak edəcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tenderdə, əvvəlcə Azərbaycanın Mərkəzi Bankında tətbiq olunmuş həll təklif ediləcək. Bir neçə mərhələdən ibarət olan layihə çərçivəsində elektron statistik baza və analitik hesabatlılıq sistemi tətbiq olunub. Müxtəlif qrafik formaların yaradılması imkanı, eləcə də əvvəl bankda istifadə edilmiş “FinA” sistemi və elektron poçtun arxivasiyası sistemi ilə inteqrasiya daxil olmaqla hesabatların generasiyası sistemi yaradılıb. Bu, disk sahəsindən optimal şəkildə istifadə etməyə və arxiv verilənlərini idarə etməyə imkan verir.
Bundan əlavə, layihə üzrə bank və bank olmayan kredit təşkilatlarını idarə etməyə imkan verən proqram tətbiq edilib. Bu həll bank daxilində dövriyyədən keçən sənədlərin avtomatik şəkildə yenilənməsinə, eləcə də idarəetmə üçün zəruri olan bütün məlumatların daxil edilməsinə və analizinə imkan verir. Azərbaycan Mərkəzi Bankında, eyni zamanda layihələrin idarə edilməsi sistemi və daxil olmuş sənədlərin skanlanması və tanınması imkanına malik elektron sənəd dövriyyəsi sistemi tətbiq olunub.