ABŞ ALİ MƏKTƏBLƏRİNİN MAGİSTRATURASINDA TƏHSİL ALMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİLİR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq Birləşmiş Ştatların ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə ABŞ-ın Fulbrayt Тələbə Proqramı üçün müsabiqə elan edilir.
Müsabiqədə Azərbaycan vətəndaşlığı, universitet dərəcəsi olan (2007 - 2008 və 2008 -2009 tədris illəri üçün ölkənin ali təhsil müəssisələrinə magistr pilləsinə tələbə qəbulu çərçivəsində texniki sahələr üzrə ən azı 70, digər sahələr üzrə isə 80 bal toplayan, həmçinin əvvəlki illərdə bakalavr və mütəxəssis proqramını yüksək göstəricilərlə başa vurmuş, ingilis dilini bilmək səviyyəsi kağız bazalı TOEFL üzrə minimum 550 bal təşkil edən, liderlik keyfiyyəti və vəzifədə irəliləmək üçün potensial imkanlara malik 35 yaşdan aşağı gənclər iştirak edə bilərlər.
ABŞ ali məktəblərinin magistraturasında təhsil sahələri mühəndislik, kənd təsərrüfatı, kompyuter və informasiya elmlərini, arxitektura, nəqliyyat, təhsil, xidmət (turizm və otel idarəçiliyi), iqtisadiyyat və idarəetmə, sosial elmlər, hüqüq və s. əhatə edir.
Ərizələr http://www.edu.gov.az və ya http://azerbaijan.usembassy.gov saytlarından əldə edilə bilər.
Ərizə paketinə müşayiət məktubu, ərizə, zəmanət məktubu, qiymətləndirmə testləri (seçilmiş namizədlərdən rəsmi TOEFL, GRE və ya GMAT testlərindən keçmələri tələb olunacaq) daxildir.
Bundan əlavə, digər sənədlər- pasportun surəti, notariat qaydada təsdiq edilmiş ingilis dilli tərcümələrlə birgə diplom və transkriptlərin (diploma əlavə) surətləri, iş yerindən arayış, tərcümеyi-hal tələb olunur.
Ərizənin bir surəti və bütün əlavə sənədlər sentyabrın 12-dək ABŞ-ın Bakıdakı səfirliyinə, bir surəti isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilməlidir.
Əlavə məlumat üçün [email protected], (Təhsil Nazirliyi) və [email protected](ABŞ səfirliyi) elektron poçt ünvanlarına müraciət etmək olar.