ABŞ AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİ ÜÇÜN TƏLİM PROQRAMINI DƏSTƏKLƏYİR
AZƏRTAC-ın Vaşinqtondakı müxbiri xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ATƏT yanındakı nümayəndəliyinin başçısının müavini Duqlas Devidson dekabrın 12-də Vyanada bu təşkilatın Daimi Şurasının iclasında ATƏT-in Bakı ofisinin başçısı Piter Burhardın məruzəsindən sonra bəyanatla çıxış etmişdir.
Cənab Devidson demişdir ki, Birləşmiş Ştatlar 24 avqust referendumu ərəfəsində bir sıra dəyirmi masaların təşkil olunması üçün ATƏT-in Bakıdakı nümayəndəliyinin göstərdiyi səyləri kifayət qədər məmnunluqla qəbul edir. İndi biz seçkilər haqqında yeni qanunla bağlı dekabrın16-17-də keçiriləcək müzakirələri səbirsizliklə gözləyirik.
ABŞ nümayəndəsi daha sonra demişdir: Mən istərdim ATƏT-in və Beynəlxalq Miqrasiya Təşkilatının Polşa Sərhədçilər Akademiyasında Azərbaycanın sərhəd xidmətinin şəxsi heyətinin təlim keçməsinə imkan yaradacaq layihəsinə öz böyük dəstəyimizi ifadə edim. Polşa və Mərkəzi Avropanın digər ölkələri postkommunist sistemindən demokratik, azad bazar sisteminə keçid dövründə əldə etdikləri müvafiq təcrübəni bölüşmək üçün böyük işlər görməkdədirlər. Mən ümumi məqsədlərimizi dəstəkləmək üçün ATƏT-i və Mərkəzi Avropadakı həmkarlarımızı bu təcrübədən yararlanmağın mümkün yollarının araşdırılmasına qətiyyətlə cağırıram.
Cənab Devidson Kosovo Polis Məktəbinin Azərbaycan polisinin peşəkarlığının artırılması sahəsində fəaliyyətini genişləndirdiyini eşitməkdən məmnun olduğunu da vurğulamış və bildirmişdir ki, Birləşmiş Ştatlar həmin məktəbin və ATƏT-in polis məsələləri üzrə müşavirinin bu sahədəki işini qətiyyətlə təqdir edir.