ABŞ-da “Pulitser” mükafatının laureatları elan olunub
Bakı, 10 may, AZƏRTAC
Nyu-Yorkda 2023-cü il “Pulitser” mükafatının qaliblərinin adları açıqlanıb. Bu mükafat hər il jurnalistika, ədəbiyyat, dram və musiqi sahəsində müəlliflərə təqdim edilir. Mükafatın ədəbi blokuna gəldikdə, burada nəsr, dram, tarixi araşdırma, qeyri-bədii, tətbiqi ədəbiyyat, poeziya və tərcümeyi-hala görə bir neçə mükafat verilir.
AZƏRTAC “ReadRate” saytına istinadla xəbər verir ki, bu il mükafat tarixində ilk dəfə olaraq iki kitab “Ən yaxşı bədii roman” elan edilib. Onlardan birincisi - amerikalı yazıçı və şairə Barbara Kingsolverin “Demon Copperhead” (“Kopperhed şeytanı”) əsəridir. Bu kitab Çarlz Dikkensın "Devid Kopperfild” romanının müasir variantıdır. 1999-cu ildə Kingsolver “Zəhərli ağac İncili” romanına görə artıq “Pulitser” mükafatına namizədlər arasında olub.
Nəşrə görə mükafat alan ikinci kitab - argentinalı müəllif Ernan Diasın “Trust” (“Etimad”) romanıdır. Burada xatirələrini bəyənməyən imkanlı kişidən bəhs edilir. Əsərin qəhrəmanı katibəsinə özünün həyat hekayəsinə əsaslanan kitab yazmağı təklif edir.
2023-cü il “Pulitser” mükafatı həmçinin “İngilis” pyesinə görə Sanaz Tussiyə, “Azadlıq dayağı: federal hakimiyyətə ağ müqavimət haqqında Saqa» tarixi tədqiqata görə Cefferson Kouiyə, “Xüsusi agent: Con Edqar Huver və Amerikan əsrinin yaranması” tərcümeyi-halına görə Beverli Keycə, “Sadiq ol” xatirələrinə görə Xua Şu, “O vaxt müharibə: və seçilmiş şeirlər, 2007-2020” şeirlər toplusuna görə Karl Fillipsə, “Onun adı Corc Floyddur: Bir insanın həyatı və irqi ədalət uğrunda mübarizə” qeyri-bədii, tətbiqi ədəbiyyata görə Robert Semyuelsə və Toluse Olorunippaya, “New York Magazine”də tənqidi xarakterli məqalələrə görə Andrea Lonq Çuya təqdim olunub.