ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANIN TERRORİZMLƏ MÜBARİZƏ SƏYLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Hesabatın Avrasiyaya dair hissəsində 2003-cü ildə Azərbaycanın terrorla mübarizə sahəsindəki tədbirlərindən də bəhs olunur. Dövlət Departamenti bildirir ki, ötən il ərzində ərazisindən benyəlxalq terroçuların keçməsinin qarşısını almaq üçün Azərbaycan uğurlu və əhəmiyyətli səylər göstərmişdir. Azərbaycan hökuməti terrorun maliyyələşdirməsini kəsmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər etmiş, yerli banklara terrorçu qruplarının və şübhəli şəxslərin siyahısını paylamışdır. 2003-cü ilin may ayında çirkli pulların yuyulması və maliyyə cinayətlərinə dair nazirlərarası işçi qrupu yaradılmışdır. Bu qurum tərəfindən mövzuya dair hakimiyyət strategiyası işləniləcək, maliyyə kəşfiyyatı idarəsi yaradılacaqdır. Hesabatda daha sonra bildirilir ki, ölkəmizin Ədliyyə Nazirliyi Azərbaycanın milli maraqlarına zidd fəaliyyətinə görə Küveyt və Qətərin xeyriyyə təşkilatlarının qeydiyyatını ləğv etmiş, terrorçu qrupları dəstəkləməkdə şübhəli olan üç islam təşkilatını bağlamışdır. Bir sıra terrorçu və terrorçularla əlaqədə şübhəli bilinən şəxslər ölkədən çıxarılmışdır. Dövlət Departamentinin sənədində vurğulanır ki, 2003-cü ilin avqustunda 150 Azərbaycan əsgərindən ibarət taqım İraqda sülhməramlı qüvvələrə qoşulmuşdur. Digər taqım isə 2002-ci ilin noyabrından Türkiyə kontingenti tərkibində Əfqanıstanda xidmət edir. Dövlət Departamenti bildirir ki, Azərbaycan ilə ABŞ arasında terrorizmə qarşı mübarizədə uzunmüddətli əməkdaşlıq 11 sentyabr hadisələrindən sonra güclənmişdir.