ABŞ EKSPERTLƏRİ İRANA NÜVƏ ZƏRBƏSİ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR
General Si-En-En teleşirkətinin proqramında çıxış edərək demişdir: “İrana qarşı hər cür hərbi plan çox çətin olacaqdır. Xülyaya qapılmaq və belə düşünmək olmaz ki, biz iranlılara zərbə endirəcəyik və bununla da hər şey yoluna qoyulacaqdır”.
Onun sözlərinə görə, İran cavab tədbirləri görmək üçün geniş imkanlara malikdir. ABŞ-ın Yaxın Şərqdəki hərbi hissələrinə zərbə endirilməsi, regiondan neft və qaz ixracına ciddi şəkildə əngəl törədilməsi, İsrailə hücum, terror aktları seriyası bu qəbil tədbirlərdəndir.
İranın atom obyektlərinə qarşı taktiki nüvə silahı tətbiqinin perspektivi ABŞ prezidenti vəzifəsinə sabiq namizəd, senator Con Kerridə də xüsusi təşviş doğurmuşdur. Senator En-Bi-Si teleşirkətinə müsahibəsində bildirmişdir: “Taktiki nüvə silahı ilə zərbə endirilməsinin mümkünlüyünü nəzərdə tutmaq Birləşmiş Ştatlar tərəfindən məsuliyyətsizliyin son həddi olardı. Belə addım nüvə silahının yayılmamasının bütün sistemini dağıdar”.
Kerri Vaşinqtonu əsas diqqəti diplomatik və siyasi addımlara yönəltməyə, İranın atom silahı yaratmasına yol verilməməsi məsələsində, ilk növbədə, Rusiyanın və Çinin dəstəyinə nail olmağa çağırmışdır.
“Vaşinqton post” qəzetindəki məqalədə deyilir ki, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi İranın atom obyektlərinə, ilk növbədə, Natanza və İsfahandakı mərkəzlərə zərbələr endirilməsinin mümkünlüyünü nəzərdən keçirirlər.
“Nyu Yorker” jurnalı məsələyə aydınlıq gətirərək yazır ki, söhbət yeraltı bunkerləri dağıdan B61-11 bombasından istifadə edilməsindən gedə bilər. Nəşrin məlumatına görə, İrana, xüsusən, taktiki nüvə vasitələri ilə zərbələr endirilməsinin perspektivi Vaşinqtonda çoxlarında əsəbilik doğurur. Məsələn, silahlı qüvvələrin qərargah rəislərinin Birləşmiş Komitəsində belə hərəkətlərin məqsədəuyğunluğuna ciddi şübhələr var. Məqalənin müəllifi Seymur Herş yazır ki, bir çox zabitlər hərbi xidməti tərk etməklə hədələyirlər. Hava kəşfiyyatının xüsusi qrupları artıq İrandakı hədəflərin siyahısını tuturlar.
B61-11 bombası 300 kiloton gücündədir və bunkerləri dağıtmaq üçün nəzərdə tutulmuşdur. O, Xirosimaya atılmış bombadan 200 dəfə güclüdür. Belə döyüş sursatı 30-50 metr dərinliyə keçə bilir. Bunun nəticələri bombanın gücündən asılıdır. Məsələn, bir kiloton gücündə partlayışdan sonra diametri 50 metrdən artıq olan çuxur əmələ gəlir. Bu zaman bunkerin və ya anbarın içindəkilər, sadəcə olaraq, yanmır, nüvə alovuna bürünür. Bomba hədəfdən hətta azacıq belə yayınsa, kimyəvi, yaxud bioloji silah məhv edilmir, onun yayılması prosesi gedir.