ABŞ Gürcüstana sərhəd nəzarətinin gücləndirilməsi üçün yeni avadanlıq verib
Tbilisi, 21 aprel, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Layihəsi (EXBS) çərçivəsində Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə 3 ədəd rentgen baqaj yoxlama skaneri (RAPISCAN 628XR) təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi dəyəri 300 min ABŞ dolları olan skanerlər Batumi və Kutaisi hava limanları, həmçinin Kazbegi gömrük keçid məntəqəsi üçün nəzərdə tutulub. Batumi Hava Limanı gömrük-keçid məntəqəsində ABŞ səfiri Kelli Deqnan, Gəlirlər Xidmətinin Gömrük İdarəsinin rəisi Zurab Siçinava və agentliyin digər məsul şəxsləri sərnişinlər tərəfindən hava yolu ilə gətirilən və ya çıxarılan yüklərin skan edilməsi prosesini izləyiblər.
Qeyd edək ki, yoxlama rentgen skanerləri Gəlirlər Xidmətinin Gömrük İdarəsinin səmərəli fəaliyyəti üçün ən yüksək texnoloji avadanlıqdır. Müasir sistem sərnişinlərin əl yüklərinin və baqajının tez, təhlükəsiz və qüsursuz yoxlamaq üçün (skan etmək) üçün unikal sistemdir.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi