ABŞ Haitiyə geniş tərkibdə nümayəndə heyəti göndərib
Bakı, 12 iyul, AZƏRTAC
Haitidə səfərdə olan ABŞ nümayəndə heyəti ölkə hakimiyyətini və sadə insanları bu çətin zamanda dəstəkləməyə hazırdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Ağ evin saytında yerləşdirilib.
İyulun 11-də ABŞ-ın Ədliyyə Nazirliyi, Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi və Milli Təhlükəsizlik Şurasının nümayəndələrindən ibarət heyət Haitiyə səfər edib. Onlar Haitinin Baş naziri vəzifələrinin icraçısı Klod Jozef və Nazirlər Kabinetinin təyin olunan, lakin hələ vəzifəsinə başlamayan rəhbəri Ariel Anri ilə görüşüblər.
“Amerikanın nümayəndə heyəti bütün görüşlərdə Haiti hökumətini dəstəkləməyi vəd edib və bu çətin anda Haiti xalqının yanında olacağını təsdiqləyib”, - deyə Ağ evin məlumatında bildirilir.
Qeyd edək ki, iyulun 7-də Haiti Prezidenti Jovenel Moiz öz iqamətgahında naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində Jovenel Moiz qətlə yetirilib, onun həyat yoldaşı isə yaralanıb.
Haiti prezidenti vəzifələrinin icraçısı Klod Cozef hücum edən cinayətkarların bəzilərinin ingilis və ispan dillərində danışdığını vurğulayıb. Haiti hökuməti hadisə ilə əlaqədar respublika ərazisində 15 günlük hərbi vəziyyət rejimi tətbiq edib.
Haiti Prezidentinin qətli ilə bağlı indiyədək 17 nəfər həbs edilib, onlardan azı ikisi amerikalıdır.