ABŞ HƏRBÇİLƏRİ ƏRAZİLƏRİN MİNALARDAN TƏMİZLƏNMƏSİNƏ DAİR MƏŞĞƏLƏLƏR KEÇİRLƏR
Mina təhlükəsinin sovuşdurulması üzrə humanitar mina əməliyyatı proqramı çərçivəsində bir qrup ABŞ hərbçisi avqustun 15-də Füzuli rayonunun Horadiz qəsəbəsində məşğələlər keçirmişdir. Məşğələlərdən başlıca məqsəd Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) istehkamçılarına təlim keçmək idi.
Ərazilərin minalardan təmizlənməsi məşğələləri, - onların gedişini jurnalistlər də izləyirdilər, - Füzuli rayonunun Böyük Bəhmənli kəndinin ərazisindən başlandı. Məşğələlərdən sonra keçirilən brifinqdə ANAMA minaaxtaranlar qrupunun rəhbəri bildirdi ki, işğaldan azad edilmiş ərazilərin 1 milyon 380 kvadratmetri minalardan təmizlənmiş, tank əleyhinə 33, piyada əleyhinə 46 mina, 1309 döyüş sursatı zərərsizləşdirilmişdir. ABŞ ordusunun təqdim etdiyi ikinci proqramın (birinci proqramı BMT-nin İnkişaf Proqramı yerinə yetirmişdir) gedişində 75 istehkamçıdan ibarət qrupla təlim keçiriləcəkdir. Bu qrup cari ilin sonunda müstəqil fəaliyyət göstərəcəkdir. Ərazilərin minalardan təmizlənməsi üçün Amerika hərbçilərinin başçılığı ilə it təlimçiləri hazırlanır.
Sonra jurnalistlər ANAMA-nın regional bazasında oldular. Ermənistan silahlı birləşmələrinin dağıtdıqları cihazqayırma zavodunun ərazisində yerləşən bu baza ABŞ ordusunun Avropadakı komandanlığının maliyyə yardımı ilə tikilmişdir. ABŞ silahlı qüvvələrinin kapitanı Adrian Cons jurnalistləri ərazilərin minalardan təmizlənməsi üçün avadanlıqla və məşğələ kabinetləri ilə tanış edərək bildirdi ki, son beş ildə Amerika hərbi qulluqçuları minalaşdırılmış ərazilərdə yerli istehkamçılar qrupunun hazırlanması üzrə 3 məşğələ keçirmişlər. Qrup üzvlərinin əksəriyyəti ermənilərin işğal etdikləri rayonların sakinləridir.
Amerika ordusunun kapitanı dedi ki, Azərbaycanın daha 24 yaşayış məntəqəsində zərərsizləşdirilməmiş mina və döyüş sursatları olduğu güman edilir. ABŞ hərbçiləri ərazilərin minalardan təmizlənməsi üçün ANAMA-ya 1 milyon 350 min dollarlıq avadanlıq verəcək və məşğələlər keçəcəklər. Ərazilərin minalardan təmizlənmsi prosesində ABŞ hərbi qulluqçuları bilavasitə iştirak etməyəcəklər. ABŞ-ın Avropadakı hərbi hava qüvvələri bölmələrinin S-130 təyyarələri istehkamçıların və avadanlığın yerləşdirilməsində kömək göstərəcəklər. Bu təyyarələr uçuşlarını Azərbaycan hərbçiləri ilə əlbir yerinə yetirəcəklər.
Avqustun 28-də ABŞ ordusunun hərbi qulluqçuları ərazilərin minalardan təmizlənməsi üzrə məşğələlər proqramının yekununa həsr olunmuş mətbuat konfransı keçirəcəklər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Horadiz-Bakı