ABŞ HÖKUMƏTİ DÖVLƏT GÖMRÜK KOMİTƏSİNƏ XÜSUSİ CİHAZLARLA TƏMİN OLUNMUŞ İKİ AVTOMOBİL VERMİŞDİR
Dekabrın 6-da bu münasibətlə Dövlət Gömrük Komitəsində (DGK) keçirilən tədbirdə komitənin sədri Aydın Əliyev ölkələrimiz arasında inkişaf edən münasibətlərin Prezident İlham Əliyevin cari ilin aprelində Birləşmiş Ştatlara səfərindən sonra yeni mərhəlyə qədəm qoyduğunu diqqətə çatdırmıdşır. A.Əliyev rəhbərlik etdiyi komitənin ABŞ-ın müvafiq qurumları ilə əlaqələrinin 1995-ci ildə ixrac nəzarəti sahəsində əməkdaşlıqla başladığını bildirmiş, ötən müddətdə Birləşmiş Ştatlardan olan ekspertlərin Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlimlər keçdiyini, azərbaycanlı mütəxəssislərin bir neçə dəfə ABŞ-da səfərdə olduğunu demişdir. Bundan əlavə, Birləşmiş Ştatlar hökuməti komitəyə müxtəlif növ avadanlıq da vermişdir.
A.Əliyev diqqətə çatdırmışdır ki, ölkələrimizin gömrük sahəsində əlaqələrini genişləndirmək məqsədi ilə əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması nəzərdə tutulmuşdur.
Dövlət Gömrük Komitəsinin qısa müddətdə bir sıra uğurlar qazandığını qeyd edən ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Ders bildirmişdir ki, onun ölkəsi Azərbaycana qaçaqmalçılığa qarşı mübarizədə dəstəyini davam etdirəcəkdir. Diplomat Birləşmiş Ştatlar hökumətinin son iki ildə Azərbaycan sərhədlərinin təhlükəsizliyi üçün avadanlıq və təlimlərə 10 milyon dollar vəsait ayırdığını bildirmişdir.
Gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək üçün 2007-ci ilin yanvarında ABŞ gömrük orqanının yüksək vəzifəli nümayəndəsinin Azərbaycana gələcəyini diqqətə çatdıran Ann Ders bildirmişdir ki, ölkələrimiz terrorizm, qaçaqmalçılıq, qanunsuz ticarət, korrupsiyaya qarşı birgə mübarizəni davam etdirəcəklər. O demişdir: “ABŞ Azərbaycanın müasir, azad iqtisadiyyatyönümlü, demokratik ölkə olmaq məqsədini dəstəkləyir. Bu məqsəd Azərbaycan vətəndaşları üçün parlaq və firavan gələcək təmin etməyə yönəlmişdir”.