ABŞ HÖKUMƏTİ STRATEJİ MÜTTƏFİQ KİMİ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR
DGK sədri ABŞ ilə Azərbaycan arasında mövcud əməkdaşlıqdan danışmış, Prezident İlham Əliyevin bu yaxınlarda ABŞ-a səfərini ikitərəfli münasibətlərdə yeni mərhələ kimi dəyərləndirmişdir. Ölkələrimiz arasında xarici ticarət əlaqələrinin statistikasına nəzər salan komitə sədri, gələcəkdə potensial imkanlardan yararlanmaqla ticarət dövriyyəsinin həcminin daha da genişləndirilməsi istiqamətində konkret işlərin həyata keçiriləcəyinə əminliyini ifadə etmişdir.
ABŞ ilə Azərbaycanın gömrük orqanları arasında əməkdaşlıq əlaqələrinə toxunan Aydın Əliyev, gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında sazişin imzalanacağına ümidvar olduğunu bildirmişdir. İstər ixraca nəzarət sistemi, istərsə də kadr hazırlığı və təcrübə mübadiləsi baxımından ABŞ hökumətinin Azərbaycan gömrük xidmətinə göstərdiyi yardımlara görə təşəkkürünü söyləyən komitə sədri, bu ilin sonlarında amerikalı mütəxəssislər tərəfindən yerli gömrük əməkdaşları üçün keçiriləcək treninqləri də ölkələrimizin gömrük qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan növbəti uğurlu addımlardan biri kimi səciyyələndirmişdir.
Frenk Mermud ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, həqiqətən Azərbaycanda uğurlu inkişaf yolu keçən iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir.
Strateji müttəfiq kimi ABŞ hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini söyləyən qonaq, dost ölkələrimiz arasındakı münasibətlərin hazırkı durumundan danışmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı istər Prezident Corc Buşla, istərsə də Birləşmiş Ştatların hökumətinin digər vəzifəli şəxsləri, ölkəsinin iş adamları ilə keçirdiyi əhəmiyyətli görüşlərin mövcud münasibətlərdə yeni impuls olduğunu xüsusi qeyd etmiş, iqtisadi-ticari əlaqələrin inkişafı naminə Azərbaycan gömrük təşkilatının ölkəsinin müvafiq qurumu ilə münasibətlərini yüksək qiymətləndirmiş, əməkdaşlığın bundan sonra da dərinləşəcəyinə ümidvar olduğunu söyləmişdir.
F.Mermud eyni zamanda müasir texnologiyalar istehsal edən ABŞ şirkətləri ilə əməkdaşlığın ümumi işə fayda verəcəyini bildirmiş və bu təklifin Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən nəzərə alınmasını xahiş etmişdir.
ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersin də iştrak etdiyi görüşdə, həmçinin Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvolma prosesi ilə bağlı məsələlər müzakirə edilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.