ABŞ-ın Arizona ştatı Senatının və Nümayəndələr Palatasının üzvləri Milli Məclisdə olmuşlar
Bakı, 16 noyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan ABŞ-ın Arizona ştatı Senatının və Nümayəndələr Palatasının üzvləri noyabrın 16-da Milli Məclisin Azərbaycan - ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşlər.
Görüşdə Milli Məclisin deputatı, işçi qrupun rəhbəri Səməd Seyidov Azərbaycanda gedən inkişaf prosesləri haqqında qonaqlara məlumat vermişdir. Bildirilmişdir ki, regionun lider dövləti olan Azərbaycanın digər mədəniyyətlərə və dinlərə münasibətdə qədim tolerantlıq ənənələri vardır. Qədim tarixə, zəngin mədəni irsə malik Azərbaycan bu gün inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-a dəstək verən ilk ölkələrdən biri olmaqla yanaşı, terrorun bütün formalarını kəskin şəkildə pisləyir.
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu qonaqların diqqətinə çatdıran S.Seyidov demişdir ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpağında qaçqın və məcburi köçkünə çevrilmişdir. O bildirmişdir ki, münaqişənin həll olunmaması regional sabitlik, enerji mənbələrinin inkişaf etdirilməsi, eləcə də iqtisadi və demokratik islahatların həyata keçirilməsi yolunda əsas maneədir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.