ABŞ-ın Kabildəki səfirliyi amerikalıları Əfqanıstanı tərk etməyə çağırıb
Bakı, 7 avqust, AZƏRTAC
ABŞ-ın Kabildəki səfirliyi təhlükəli vəziyyətlə bağlı Amerika vətəndaşlarını təcili olaraq Əfqanıstanı tərk etməyə çağırıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə səfirliyin bəyanatında deyilir.
“ABŞ səfirliyi Amerika vətəndaşlarını kommersiya reyslərindən istifadə edərək Əfqanıstanı təcili tərk etməyə çağırır. Təhlükəsizlik sahəsində yaranan vəziyyət və ştatın ixtisar edilməsi nəzərə alınmaqla diplomatik missiyanın Əfqanıstandakı ABŞ vətəndaşlarına yardım göstərmək imkanları, hətta Kabil şəhərində belə məhduddur”, - deyə bəyanatda bildirilir.
Səfirlik hazırda kommersiya reyslərinə bilet almaq imkanlarına malik olmayan vətəndaşlara maddi yardım etməyə hazırdır.
Diplomatik missiya, həmçinin amerikalılara təhlükəsizlik sahəsində vəziyyətlə bağlı yenilənmiş informasiya almaq və fövqəladə vəziyyətlərdə əlaqə saxlamaq üçün STEP (Smart Traveler Enrollment Program) tətbiqində qeydiyyatdan keçməyə çağırıb.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri və taliblərin silahlı qarşıdurması illərdir davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib. Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden qoşunların sentyabrın 11-dək Əfqanıstandan çıxarılması barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə ABŞ və koalisiya qüvvələrinin ölkəni tərk etməsi fonunda bütün cəbhəboyu irimiqyaslı hücum əməliyyatları aparır.