ABŞ-IN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Xanım Ann Ders çıxışında gözəl və füsunkar Azərbaycanda ABŞ-ın səfiri təyin olmağından şərəf duyduğunu, xalqımızın qədim tarixi, butun dunyada tanınan zəngin mədəniyyəti və istedadlı insanları olduğunu bildirmişdir.
Azərbaycanın Birləşmiş Ştatların ən vacib dostlarından və tərəfdaşlarından biri olduğunu vurğulayan səfir ölkələrimizin siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində eyni mövqedən çıxış etdiyini, Prezident İlham Əliyevin Ağ evdə Prezident Corc Buşla görüşdən sonra dediyi kimi, eyni dəyərlərimizin olduğunu xatırlatmışdır.
Səfir demişdir ki, Azərbaycan müasir demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə gedir. ABŞ bu məqsədləri tam dəstəkləyir. Prezident İlham Əliyev də Müstəqillik günü münasibətilə Prezident Corc Buşa göndərdiyi məktubda ABŞ-ın dəstəyini yüksək qiymətləndirmişdir. Biz Prezident İlham Əliyevə bu qiymətə və təbriklərinə görə təşəkkür edirik.
Terrorizmə qarşı qlobal mübarizədə Azərbaycanın ABŞ ilə birgə əməkdaşlığının ölkəsində çox yüksək qiymətləndirildiyini söyləyən diplomat, Azərbaycan Prezidentinə və xalqına buna görə minnətdarlıq etmiş, İraqda, Əfqanıstanda və Kosovoda sülhün təmin olunması işində iştirak edən Azərbaycan əsgərlərinə də təşəkkürunü bildirmişdir.
A.Ders demişdir ki, neft və qaz hasilatçısı və tranzit ölkə kimi Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Birləşmiş Ştatlar bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir.
Sonra çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov rəsmi qəbulun iştirakçılarını Azərbaycan hökuməti adından təbrik etmiş, Amerika xalqına sülh və firavanlıq arzulamışdır.
Y.Eyyubov demişdir ki, Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasında ümummili liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Prezident İlham Əliyevin bu ilin aprelində Birləşmiş Ştatlara rəsmi səfəri qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirmiş, ikitərəfli əlaqələrdə yeni səhifə açmışdır.
Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı iqtisadi layihələrdən söz açan Y.Eyyubov, bunların reallaşmasına ABŞ-ın göstərdiyi dəstəyi xüsusi vurğulamışdır.
Terrorizmə qarşı qlobal mübarizədə Azərbaycanın ilk gündən ABŞ-la bir koalisiyada olduğunu xatırladan Y.Eyyubov, Azərbaycan sülhməramlılarının Kosovo, Əfqanıstan və İraqda sülh və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verdiyini söyləmişdir.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın rolunun ölkəmizdə yüksək qiymətləndirildiyini bildirmişdir.
Rəsmi qəbulda nazirlər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.