SİYASƏT
ABŞ-IN MÜSTƏQİLLİK GÜNÜ ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, iyulun 3-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi ABŞ-ın müstəqilliyinin 232-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil etmişdir.
ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders çıxış edərək bildirmişdir ki, Birləşmiş Ştatların xalqı müstəqillik elan olunan gündən azadlıq və suverenlik ideyaları ilə yaşayır. ABŞ kimi Azərbaycan da azadlıq yolunu seçmişdir və bu seçim Azərbaycan xalqının müstəqilliyini, əmin-amanlığını və tərəqqisini təmin edəcəkdir.
Səfir vurğulamışdır ki, ABŞ Azərbaycanın müstəqilliyini daim dəstəkləyəcəkdir.
Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırmış, Amerika xalqına sülh və rifah arzulamışdır.
Z.Əsgərov demişdir ki, ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir və Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin aprelində ABŞ-a səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olmuşdur.
Ziyafət Əsgərov vurğulamışdır ki, Azərbaycan 2001-ci ilin faciəli 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biri olmuşdur. O, ümidvar olduğunu bildirmişdir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll olunması istiqamətində səylərini davam etdirəcəkdir.
######