ABŞ PREZİDENTİ KONQRESƏ İLLİK MÜRAİCƏTLƏ ÇIXIŞ ETMİŞDİR
O, nitqinin əvvəlində məşhur hüquq müdafiəçisi Martin Lüter Kinqin bazar ertəsi vəfat edən dul qadını Koretta Skott Kinqin xatirəsini anmışdır. Prezidentin nitqi 50 dəqiqədən çox davam etmiş və 64 dəfə alqışlanmışdır.
Nitqin xarici siyasətə aid hissəsində əsas mövzular terrorizmlə mübarizə və dünyada demokratiyanın yayılması ilə bağlı olmuşdur. Prezident İran, İraq və Fələstin Muxtariyyətinin problemlərinə də toxunmuşdur. O, İraqda vəziyyət barədə nikbin mülahizələr söyləsə də, bildirmişdir ki, “Amerika bu ölkədə hərbi varlığına son qoymaq niyyətində deyildir. Buş bəyan etmişdir: “Amerika əsgərlərinin evə yeganə yolu orada qələbə qazanmaqdır”.
Buş ABŞ-ın dünya lideri mövqeyini özündə saxlamaq niyyətində olduğunu təsdiqləmişdir. Ağ evin sahibi demişdir: “Adamlarımızı qorumağın, sülhü təmin etməyin, öz taleyinin sahibi olmağın yeganə üsulu liderliyimizdir. Ona görə də ABŞ liderliyini davam etdirəcəkdir”.
Dövlət başçısı İranın nüvə proqramından danışaraq vurğulamışdır ki, dünya birliyi dövlətləri bu ölkənin nüvə silahına malik olmasına yol verməməlidir. O, İranı terrorizmi dəstəkləməkdə təqsirləndirərək demişdir ki, buna son qoyulmalıdır. Buş ümid etdiyini söyləmişdir ki, yaxın gələcəkdə Birləşmiş Ştatlar “azad və demokratik İranın yaxın dostu olacaqdır”.
O, Fələstin Muxtariyyətində parlament seçkilərində qalib gələn “Həmas” qruplaşmasını “İsraili tanımağa, silahı yerə qoymağa, terrorizmdən əl çəkməyə və daimi sülh yaradılması üzərində işləməyə” çağırmışdır.
Daxili siyasətə gəldikdə, Buşun enerji təhlükəsizliyi sahəsində yeni təşəbbüsü diqqəti xüsusilə çəkir. Prezident bəyan etmişdir ki, “ABŞ çox vaxt dünyanın qeyri-sabit bölgələrindən idxal olunan xarici neftdən asılılığa son qoymalıdır”. O, bununla əlaqədar bildirmişdir ki, 2025-ci ilədək ABŞ Yaxın Şərqdən neft idxalını 75 faiz azaltmaq qərarındadır. Buş elan etmişdir ki, 140-dan çox səmərəsiz federal proqramı dayandırmaq fikrindədir. Onun sözlərinə görə, bu tədbir gələn il 14 milyard dollara qənaət etməyə imkan verəcək ki, bu da büdcə kəsirini 2009-cu ilədək yarıbayarı azaltmağa kömək edəcəkdir.
Prezident çıxışında insanı klonlaşdırmaq məsələsindən də söz açmışdır. O, insanı klonlaşdırmağın bütün növlərini, habelə insanın və heyvanların hibridlərini yaratmağı qanunvericilik yolu ilə qadağan etməyə çağırmışdır. Dövlət başçısı demişdir: “İnsan həyatı Yaradanımızın verdiyi bəxşişdir. Bu bəxşişi atmaq, dəyərdən salmaq və ya satışa çıxarmaq olmaz”.