ABŞ SƏFİRİ CƏNUB BÖLGƏSİNDƏ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyulun 26-da ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders cənub bölgəsində olmuşdur.
Səfərinə Masallıdan başlayan amerikalı diplomat rayonun Çaxırlı kəndində süd qəbulu məntəqəsinin açılışında iştirak etmişdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin ölkəmizdə həyata keçirdiyi “İcma inkişafı fəaliyyəti proqramı” çərçivəsində həyata keçirilən bu layihənin ümumi dəyəri 25 min dollardır. Layihənin icrasında kənd icma üzvləri, bələdiyyə və Lənkərandakı “Nur süd” zavodu da iştirak etmişdir.
Mərasimdə çıxış edən xanım Ann Ders layihənin həyata keçirilməsində kənd icma üzvlərinin böyük əməyinin olduğunu vurğulamış, Azərbaycanın işıqlı gələcəyi naminə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Həmin gün amerikalı diplomat Lerik rayonunun Hovil kəndində də olmuşdur.
Hovil kənd əsas məktəbinin həyətində keçirilən görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, Piran kəndindən başlayaraq Hamarat kəndinə qədər olan və 26 kəndi birləşdirən 14 kilometrlik yolda ABŞ hökumətinin ayırdığı 168 min dollar vəsait hesabına təmir işlərinin aparıldığını vurğulamış, layihənin icrasında əməyi olanlara və səfir Ann Dersə minnətdarlığını bildirmişdir.
ABŞ diplomatı Lerikdə yol bərpası layihəsinin başa çatmasından məmnun olduğunu söyləmiş, layihənin başa çatması münasibətilə kənd icmalarının üzvlərini təbrik etmişdir.
Daha sonra Astara rayonuna gələn ABŞ səfiri Təzəkənddə USAİD-in maliyyə dəstəyi ilə həyata keçirilən suvarma sisteminin bərpası layihəsinin icrası ilə tanış olmuşdur.
Bu layihənin başa çatması 200 hektardan artıq sitrus və subtropik meyvə bağlarının suvarılmasına imkan yaradır.
Layihənin başa çatması münasibətilə kənd icma üzvlərini təbrik edən səfir A.Ders bu cür layihələrin Azərbaycanda davamlı olacağını bildirmiş, su nasos stansiyası ilə tanış olmuşdur.